Taksi xidmətlərinə görə ƏDV hesablanması ilə bağlı AR Vergilər Nazirliyindən açıqlama.2017-12-04 | Vergilər | 2519Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatı Son günlər kütləvi informasiya vasitələrində ölkə ərazisində göstərilən taksi xidmətlərinə görə 18 faiz dərəcə ilə əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı məlumatlar yer alıb. Bununla əlaqədar Vergilər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasında qanuni əsaslarla fəaliyyət göstərən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri sərnişin daşıma xidmətləri ƏDV-yə cəlb olunmayan xidmətlərdir və bu xidmətlərin istehlakçısı olan vətəndaşlar taksi xidmətlərinin dəyərini ödəyərkən həmin məbləğə ƏDV daxil edilmir. 1 yanvar 2017-ci il tarixdən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən yalnız Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin elektron ticarət qaydasında təqdim etdiyi iş və xidmətlərə görə vergi orqanında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən qeyri-rezidentə aparılan ödəmələrdən ƏDV tutulur. Qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri vasitəsilə, o cümlədən mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərinişin daşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin (UBER, Taxify və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlər 1 yanvar 2017-ci il tarixdən ƏDV-yə cəlb edilir. Ölkə ərazisində taksi xidmətlərinin təşkili ilə bağlı həmin xarici şirkətlərin göstərdikləri xidmətlərinin dəyəri ƏDV daxil olmaqla formalaşan dəyərdən ibarət olduğundan bu xarici şirkətlərə pul köçürülərkən həmin məbləğlərə ƏDV də daxil edilir. Dövlət vergi orqanlarında qeydiyyata alınaraq ölkə ərazisində qanuni əsaslarla sərnişin daşıma fəaliyyətini həyata keçirən yerli hüquqi və fiziki şəxslərin, habelə xarici şirkətlərin Azərbaycan Respublikasındakı nümayəndəliklərinin göstərdikləri taksi xidmətlərinin müqabilində müştərilər tərəfindən istər nağd qaydada, istərsə də ödəniş kartları vasitəsilə həmin şəxslərə ödənilən xidmət haqlarına görə ƏDV tutulmur. Media və Kommunikasiya Mərkəzi Mənbə: http://taxes.gov.az/modul.php?name=metbuat&bolme=pressreliz&pid=1576&lang= |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.