e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Ali Məhkəmə: Vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarların xeyrinə həll edilir

2017-12-06 | Hüquq | 2671

2016-cı ildə Azərbaycanda 448 318 mülki, cinayət, inzibati və iqtisadi işə baxılıb. 1999-cu ildə baxılmış işlərin sayı cəmi 21 896 olub. Yəni 17 ildə baxılan işlərin sayı 20 dəfə artıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

Qeyd olunur ki, 2016-cı ildə ölkə üzrə baxılmış 448 318 işdən cəmi 24 017-nin məhkəmə qərarlarından apelyasiya şikayətləri verilib. Bu da baxılmış işlərin cəmi 6,2 faizini təşkil edir. Yəni işlərin 93,8 faizində tərəflər məhkəmə qərarı ilə razılaşaraq apelyasiya şikayəti verməyiblər. Beləliklə, şəxslər məhkəmə qərarlarını ədalətli və qanuna uyğun olması ilə razılaşıblar. Ali Məhkəmə isə 2016-cı ildə kasasiya qaydasında cəmi 10 067 şikayətə baxıb ki, bu da ölkədə baxılmış işlərin cəmi 2,2 faizini təşkil edir.

H.Mirzəyev bildirib ki, inzibati məhkəmələr fəaliyyətə başladıqları 2011-ci ildə 4665 inzibati mübahisəyə baxdıqları halda 2016-cı ildə məhkəmə iddialarının sayı 15 mini ötüb: "Göründüyü kimi, artım 3 dəfədən də çoxdur. Bu, ilk növbədə, hüquqi və fiziki şəxslərin inzibati-iqtisadi məhkəmələrə inamının artmasının göstəricisidir. Təsadüfi deyil ki, bu illər ərzində iddiaçı qismində çıxış edən fiziki və hüquqi şəxslərin inzibati orqanlara qarşı iddiaları 82-84 faiz təmin olunub. Bu da öz növbəsində, inzibati-iqtisadi məhkəmələrin qəbul etdikləri qərarların və onların nəticələrinin inzibati orqanlar tərəfindən əksər hallarda mübahisəsiz olaraq qəbul edildiyini təsdiq edir. Beləliklə, vətəndaşların, sahibkarların və hüquqi şəxslərin hüquqları müdafiə olunaraq iddiaları əsasən təmin olunub. Bu illər ərzində baxılmış işlərdə müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələr cavabdeh qismində cəlb olunublar. Təkcə 2016-cı ilin statistikasına nəzər yetirməklə hüquqi və fiziki şəxslərin inzibati orqanlara qarşı iddialarının əksər hallarda təmin olunduğunu görmək olar. Belə ki, ötən il iqtisadi-inzibati məhkəmələrdə qərar çıxarmaqla həll edilmiş 8975 işə baxılmışdır. Onlardan 7579 iş üzrə iddialar təmin edilmişdir ki, bu da baxılan işlərin 84,4 faizini təşkil edir".

2016-cı ildə kasasiya qaydasında baxılmış işlərin də təhlilini verən H.Mirzəyev bildirib ki, Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının icraatında cəmi 3038 iş olub, onlardan 2458 iş inzibati icraat qaydasında, 580 iş isə mülki icraat qaydasında olub: "Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə kollegiyada baxılmış işlərin sayı cəmi 682 olub. Kollegiyada baxılan işlərin bir qismində cavabdeh kimi icra hakimiyyəti orqanları və bələdiyyələr çıxış ediblər".

Kollegiya sədri sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin Vergilər Nazirliyinin struktur qurumlarına qarşı inzibati-iqtisadi məhkəmələrdə qaldırdıqları iddialara da toxunub: "Bu kateqoriyadan olan mübahisələr üzrə 2016-cı ildə 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb. Bunlardan 688 (63,3 faiz) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9 faiz) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8 faiz) iddia isə mümkün sayılmayıb. Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir. 1 noyabr 2017-ci il tarixinə olan məlumata əsasən, respublika üzrə 902 303 vergi ödəyicisi qeydiyyatdan keçib. Onlardan 399 774 vergi ödəyicisi aktiv fəaliyyətdədir və vaxtında vergiləri ödəyirlər. Məhkəmələrdə bu cür baxılan işlərin sayı az olduğundan (aktiv vergi ödəyicilərinə nisbətdə işlərin sayı 2016-cı il və 2017-ci ilin 6 ayı üzrə cəmi 1087, yəni 0,3 faiz təşkil edir) vergi münasibətlərinə heç bir təsir göstərə bilməz. Vergi ödəyicilərinin ümumi sayını nəzərə alaraq bu cür mübahisələrin az olması onu göstərir ki, əksər hallarda vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vergi öhdəliklərini yerinə yetirirlər. Vergilər Nazirliyi və onun struktur qurumları isə vergilərin yığılmasını layiqincə həyata keçirirlər".

Mənbə: https://az.trend.az/business/economy/2831416.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.