e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Banklardan elektron qaimə-faktura tələb edin: əks halda xərcləriniz nəzərə alınmaya bilər

2017-12-18 | Vergilər | 2834

Gələn il yanvarın 1-dən bütün ölkə üzrə bütün vergi ödəyiciləri təqdim etdikləri mal, iş və xidmətə görə müştəriləri olan digər vergi ödəyicilərinə elektron qaimə-fakturası təqdim etməyə borcludurlar. INSIDER xəbər verir ki, elektron qaimə-fakturanın tətbiq edilməsi ilə əlaqədar Vergi Məcəlləsinə bir sıra əlavələr edildi və Məcəllənin 16.1.11-6-cı maddəsinə əsasən hər bir vergi ödəyicisinin üzərinə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı qaimə-faktura və ya elektron qaimə-fakturanı təqdim etmək vəzifəsi qoyuldu. Qanunvericiliyin bu tələbi isə uzun müddət formalaşmış işğüzar adətdən fərqlidir.

Məlum olduğu kimi, 01.04.2017-ci ildən başlayaraq ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün elektron qaimə-fakturanın tətbiqinə başlanıldı. Beləliklə, 2017-ci ilə qədər vergi ödəyiciləri bank xərclərini bank hesabından çıxarış əsasında müəyyən edirdilər. Məhz bunun nəticəsidir ki, banklar heç bir vergi ödəyicisinə indiyədək elektron qaimə-faktura təqdim etmirlər.Təqvim ilinin başa çatmasına iki həftə qaldığını nəzərə alaraq vergi üzrə ekspert Vəli Əliyevdən yeni qaydalarla bağlı açıqlama aldıq: "Hesab edirəm ki, 2017-ci il üçün mənfəət və gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edəcək hər bir vergi ödəyicisi müştərisi olduğu banklardan 2017-ci il üzrə bank xərclərini (maliyyə xidmətlərinin dəyərini) təsdiq edən elektron qaimə-faktura tələb etməlidirlər. Banklar da öz növbəsində vergi qanunvericiliyinin tələbini yerinə yetirməli və vergi ödəyicisi olan müştərilərinə bank xərclərini təsdiq edən elektron qaimə-fakturaları təqdim etməlidirlər. Əks halda, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin gəlir və xərcləri barədə bəyannamə təqdim edildikdə elektron qaimə-fakturaların olmaması səbəbindən bank xərclərinin vergi orqanları tərəfindən nəzərə alınmaması qaçılmaz olacaq. Elektron qaimə-fakturaların geri tarixlə tərtibatı mümkün olmadığı üçün banklar öz müştərilərini vergi orqanları qarşısında çıxılmaz duruma düşməklərinə səbəb olacaqlar".

Mənbə: http://insider.az/one-article.php?news=5864281513578396


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.