e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda Dövlət Əmək Müfəttişliyi ilə həyat sığortası şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb

2013-12-25 | Kadr işi | 2812

Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və "İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" növü üzrə fəaliyyət göstərən "Paşa Həyat", "Atəşgah Həyat" və "Qala Həyat" sığorta şirkətləri arasında Tərəfdaşlıq və əməkdaşlıq Sazişi imzalanıb.

Sazişin imzalanmasında əsas məqsəd əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin olunmasına yönəlmiş dövlət siyasətinə əsaslanaraq dövlət orqanları ilə sığorta şirkətləri arasında qarşılıqlı əlaqələrin yaradılmasıdır.

İmzalanma mərasimində çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev bəyan edib ki, saziş bir neçə müsbət nəticə verəcək. Belə ki, sazişin icrası həm işləyənlərin sosial müdafiəsinin gücləndirilməsi və işəgötürənlərin məsuliyyətinin artırılması, həm də sığorta bazarının inkişafına xidmət edəcək. İ.İsayev bildirib ki, saziş çərçivəsində işəgötürənlər arasında maarifləndirmə işlərinin aparılması da nəzərdə tutulur ki, bu da çox mühüm məsələdir. Belə ki, onun sözlərinə görə, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının faiz dərəcəsi kiçikdir, sığorta olunmayanlara qarşı cərimələr isə qanunvericiliklə yüksək miqdarda nəzərdə tutulur. Belə olan halda işəgötürənlər üçün işçilərini sığorta etmək daha sərfəlidir, çünki bu sahədə dövlət nəzarəti gücləndiriləcək.

Tədbirdə bildirilib ki, sazişdə əməkdaşlıq sahələri, o cümlədən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi, baş vermiş sığorta hallarının araşdırılması və digər tədbirlər əks olunub.

Qeyd edək ki, sığorta şirkətlərinin nümayəndələri də sazişin imzalanmasından razı olduqlarını bildiriblər. Qeyd olunub ki, bu, sığorta bazarının inkişafına əlavə dəstək verəcək. Məsələn, «Atəşgah Həyat» şirkəti İdarə Heyətinin sədri Əkbər Mədətlinin fikrincə, hazırda istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta bazarının təxminən 60-70%-i hələ də əhatə edilməyib. Belə olan halda bu cür sazişin imzalanması və əməkdaşlığın qurulması bazardakı mövcud potensialın reallaşmasına xidmət edəcək.

Mənbə: www.apa.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.