e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Özünü maliyyələşdirmə realdır

2013-12-25 | İqtisadiyyat | 2822

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev hazırda fondun sosial sığorta ilə əlaqəsi olan bütün xərcləri məhz məcburi dövlət sosial sığorta daxilolmaları, yəni özünə məxsus vəsaitləri hesabına maliyyələşdirdiyini bildirib. DSMF sədri vurğulayıb ki, Azərbaycanda həyata keçirilən pensiya islahatlarının mühüm cəhəti əvvəlki sistemlə əhatə olunmuş, yəni sığortaolunanların fərdi uçotu sisteminin iştirakçısı olmayan insanların da davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə tam inteqrasiyasıdır. Bu məqsədlə həmin şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılmış, onlar pensiyaların baza və sığorta hissəsi ilə təmin edilmiş, artım və indeksləşdirmənin yeni qaydaları ilə əhatə olunmuşlar: "Digər tərəfdən, əvvəllər pensiyaya çıxmış şəxslərin pensiyaları ölkə üzrə ən yüksək orta aylıq əməkhaqqı nisbətinə uyğun olaraq əvəzsiz sığorta kapitalı müəyyyənləşdirilməklə yenidən hesablanmışdır. Bu proses hazırda yeni sistemdə pensiya təyinatı üçün müraciət edən şəxslərin əvvəlki dövrə aid iş stajlarına da şamil edilir. Bütün bunların, həmçinin bir sıra vəzifələrdə qulluq etmiş şəxslərə verilən qulluq stajına görə əmək pensiyasına əlavələrin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olmuşdur".

E.Mehdiyev bildirib: "Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan qeyd olunan dövlət öhdəliklərinin maliyyə yükü hazırda 1,3 milyard manata yaxındır. 2014-cü ildə dövlət büdcəsinin transfertinin həcmi isə bundan aşağı məbləğdə - 1,14 milyard manat nəzərdə tutulur, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Təəsüf ki, bəzi ekspertlər bu məsələni lazımı araşdırmalar aparmadan şərh edirlər. Fond tərəfindən dəfələrlə aydınlıq gətirilməsinə baxmayaraq, dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı bəzi hallarda yanlış olaraq sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi təqdim olunur".

Mənbə: www.biznesinfo.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.