e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Elman Mehdiyev: İşləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarəti daha da güclənəcək

2013-12-27 | Vergilər | 2588

İşləyənlərin sosial sığortaya cəlb olunması məqsədi ilə onların qeydiyyatının aparılması ilə yanaşı, mövcud iş yerlərində ödənilən əməkhaqlarının tam leqallaşdırılması da xüsus ilə vacib şərtdir. Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev işləyənlərin sosial sığortaya cəlb edilməsi ilə bağlı mövcud vəziyyəti şərh edərkən bildirib.

DSMF sədri vurğulayıb ki, qeyd olunan problemlərin həlli məqsədilə Azərbaycan Prezidenti tərəfindən ötən il konkret tapşırıqlar verilib və Fondun müvafiq orqanlarla birlikdə həyata keçirdiyi tədbirlər nəticəsində 600 mindən çox şəxs əlavə qeydiyyata alınıb, bununla da sığortaolunanların sayı 2 milyon 630 min nəfəri ötüb:

"Lakin burada digər mühüm bir məqam da diqqətə alınmalıdır ki, xüsusilə əməkhaqlarının tam leqallaşdırılması problemi daha çox işəgötürən və işçi arasındakı sövdələşmədən irəli gəlir və bazar iqtisadiyyatı şəraitində dövlətin buna inzibati müdaxilə imkanları geniş deyil. Məhz bu səbəbdən beynəlxalq təcrübədə problemin başlıca həlli yolu sığortaolunanların fərdi uçotu sisteminin inkişafı hesab edilir. Başqa sözlə, hər bir işləyən şəxs qəbul etməlidir ki, sosial sığorta haqqı onun əməyinin dəyərinin bir hissəsidir və işçi qüvvəsinin təkrar istehsalı, sosial risklərdən qorunması məqsədilə xüsusi fərdi hesabda toplanır, hər il indeksləşdirilərək artırılır".

E.Mehdiyev nəzərə çatdırıb ki, ötən dövrdə Azərbaycanda aparılan islahatlarla fərdi uçota və təkmil pensiya alqoritminə əsaslanan belə bir sistemin qurulması uğurla təmin edilib. Müxtəlif təbliğat vasitələrindən istifadə, eləcə də Fondun internet səhifəsi vasitəsilə hər bir şəxsə öz fərdi hesabında toplanan pensiya kapitalı barədə məlumatı maneəsiz əldə etmək imkanının yaradılması bu prosesin mühüm tərkib hissəsidir: "Fikrimcə, bütün bunlar perspektivdə işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətə təşviq edilməsini daha da gücləndirəcək".

Mənbə: www.trend.az target=_new>www.trend.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.