Ziyad Səmədzadə: "Kəndilərdən vergi tutulacağını deməmişəm"
2018-02-14 | Vergilər | 2090
"Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sistemli dövlət tənzimlənməsidirsə, digəri həmin sistemli dövlət tənzimlənməsinin həyata keçirilməsidir".
FED.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə fevralın 13-dəVergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffadlıq, inkişaf" adlı konfransdakı çıxışının bəzi mətbuat orqanlarında təhrif edilməsinə münasibətini bildirərkən deyib.
Xatırladaq ki, komitə sədri həmin konfransdakı çıxışında Ziyad Səmədzadə bildirmişdi ki, vergi sahəsindəki bəzi problemlərin kökündə keçid dövründə yaranan vəziyyət dayanır: «Məsələn, biz artıq neçə illərdir ki, kənd təsərrüfatı sahəsində çalışanları vergidən azad etmişik. Ölkə əhalisinin 35%-nin çalışdığı sahədə insanlar vergi ödəmirlər». Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti, ölkədə aqrar sektorun dayanıqlı və davamlı inkişafı üçün dünyada özünü doğrultmuş iqtisadi mexanizmlərdən istifadə edir və kənd əməkçilərinə dəstək verir: «Bu köməkliklərdən biri də kənd təsərrüfatının torpaq vergisindən başqa bütün vergilərdən azad olunmasıdır.
Bu dəstək, bu həvəsləndirmə neçə illərdir ki, davam etdirilir və bundan sonra da davam etdiriləcək.Hesab edirəm ki, Azərbaycan dövlətinin kənd təsərrüfatına dəstəyi çox düzgün iqtisadi siyasətin bir istiqamətidir və bu siyasət Azərbaycan kəndinin inkişafı naminə, ərzaq təhlükəzisliyinin daha davamlı-keyfiyyətli təmin edilməsi naminə düzgün bir addımdır. Ona görə də bəzi mətbuat orqanlarında, saytlarda mənim belə bir məna daşıyan çıxışımın təhrif edilməsinə qətiyyətlə etiraz edirəm və bu, peşəkar olmayan yanaşmanı etirazla qarşılayıram"-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.
Mənbə: http://www.fed.az/az/news/read/32557
|