e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vahid Əhmədov-un vergilər ilə bağlı təklifləri.

2018-02-16 | Vergilər | 2216

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov çıxışında Vergilər Nazirliyinin yarandığı gündən indiyədək keçdiyi yola nəzər salıb, 18 ildə görülən işləri qiymətləndirib. Bildirib ki, ötən 18 ildə köhnə inzibati idarəetmə sistemi təkmilləşdirilib və müasir tələblərə cavab verən yeni bir vergi sistemi qurulub: "2000-ci ildə Vergi Məcəlləsinin qəbul edilməsi, ölkənin vergi ödəyicisinin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqi, vergi inzibatçılığının modernləşdirilməsi nəticəsində sahibkarların vergi orqanlarına gəlmədən öhdəliklərinin internet üzərindən yerinə yetirməsi, elektron vergi bəyannaməsinin tətbiqi, vergi öhdəliklərinin və digər proseslərin elektronlaşdırılması, dövlət qurumları arasında ilk dəfə Vergilər Nazirliyində "bir pəncərə" sisteminin tətbiq olunması vergi sahəsində aparılan səmərəli islahatların nəticəsidir".

V.Əhmədov qeyd edib ki, ölkədə və dünyada gedən prosesləri nəzərə alaraq sosial-iqtisadi inkişafın indiki mərhələsində könüllü ödəniş sisteminin inkişaf etdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin sivil və şəffaf əsaslarla qurulması, qarşılıqlı etimad mühitinin formalaşdırılması, vergi mədəniyyətinin yüksəldilməsi ən önəmli məsələdir: "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyası və 2016-cı ilin dekabrında ölkə Prezidentinin təsdiq etdiyi "Strateji Yol Xəritəsi" Vergilər Nazirliyinin qarşısında çox böyük vəzifələr qoyur ki, bu da əsasən şəffaflığın təmin edilməsi, nağdsız ödənişlərin stimullaşdırılması, elektron auditin, elektron ticarət nəzarətinin tətbiqi, ƏDV-nin tətbiqi mexanizminin dəyişdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması və s. məsələlərdən ibarətdir".

Bildirilib ki, ölkəmizdə regionların inkişafı ilə bağlı uğurlu siyasət aparılır. Həmin siyasətə uyğun olaraq, regionlarda yerli vergilərlə bağlı bir sıra məsələlərə yenidən baxılmalıdır: "Yerlərdə inkişafın əsas amili yerli büdcələrin gəlirləridir. Bu məqsədlə ƏDV-nin müəyyən faizinin yerli büdcələrə köçürülməsi mühüm rol oynaya bilər. Bundan başqa, milli əhəmiyyət daşıyan təbii ehtiyatlar üzrə də mədən vergisinin, eləcə də yol vergisinin bir qisminin yerli büdcələrə köçürülməsi məqsədəuyğun olardı".

V.Əhmədov sadələşdirilmiş vergi və ƏDV ilə bağlı bəzi təkliflərlə çıxış edib. Bildirib ki, son 2 ildə manatın devalvasiyası sadələşdirilmiş dövriyyənin həcminə yenidən baxılmasına zərurət yaradır. Məsələn, həmin ödəyicilər üçün limit 200 mindən 300 minə qaldırıla bilər. Bundan başqa, ƏDV üzrə dünya təcrübəsi nəzərə alınmaqla diferensiallaşdırma tətbiq oluna bilər: "Avropa ölkələrində ƏDV 15-25% arasındadır, bundan yüksək olan ölkələr də var. Ancaq ərzaq məhsulları, dərman vasitələri, kənd təsərrüfatına aid olan bir sıra avadanlıqlar üçün ƏDV-nin dərəcəsi 5-6%-dir. Azərbaycanda da bu təcrübə tətbiq oluna bilər".

Vahid Əhmədov vergi yoxlaması keçirildikdə qanunsuz zərərin vurulmasının yolverilməzliyi, elektron qaimə-fakturanın tətbiqi zamanı sənədləşmədə ortaya çıxan problemlər, alt sənədlərin olmaması, nağd hesablaşmaların stimullaşdırılması üçün bəzi məqamların nəzərə alınması və digər məsələlər barədə də fikirlərini konfrans iştirakçılarına çatdırıb: "Dövlət başçısı tərəfindən yoxlamalar dayandırılsa da, Vergilər Nazirliyinə yoxlama icazəsi verilib. Yoxlama zamanı elə etmək lazımdır ki sahibkarların nüfuzuna xələl gəlməsin. "Sədərək", "Binə" və "Dərnəgül" kimi yerlərdən məhsul alan sahibkarlar Vergilər Nazirliyinə sənəd təqdim edə bilmirlər. Bunun konkret mexanizmi tapılmalıdır".

Qeyd edilib ki, vergi ilə bağlı büdcə proqnozlarına da yenidən baxmaq lazımdır: "Bəzən proqnoz xətrinə nazirliyin real potensialına uyğun olmayan rəqəmlər hesablayırlar. Baxmaq lazımdır ki, vergi orqanları həmin proqnoz tapşırığını yerinə yetirə biləcəkmi? İqtisadiyyat Nazirliyi Vergilər Nazirliyi ilə bu məsələni birgə qiymətləndirməli, həqiqi proqnozun optimal məbləği müəyyən edilməlidir".

Mənbə: http://vergiler.az/art-view/6857/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.