"Kölgə iqtisadiyyatı"nın yaranmasına ikili mühasibat səbəb olur2018-03-01 | Mühasibat uçotu | 2627İqtisadçı-ekspert Radil Fətullayevin sözlərinə görə, Azərbaycanda qeyri-rəsmi məşğulluq, ikili mühasibat kimi xarakterik pozuntu halları geniş yayılıb və bunlar "kölgə iqtisadiyyatı"nın yaranmasına səbəb olur: "Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün müəssisələrin uçot sisteminin təkmilləşdirilməsi, hesablaşmaların tamamilə nağdsızlaşdırılması, beynəlxalq mühasibat sisteminin şərtləri tətbiq edilməlidir. Vergilər Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin mühüm əhəmiyyət daşıdığını deyən iqtisadçının fikrincə, əmək müqavilələrinin elektronlaşdırılması, uçot sisteminin şəffaflaşdırılması, hesablaşmaların banklar və kartlar vasitəsilə həyata keçirilməsi "qara mühasibatın" ləğvi istiqamətində təsirli vasitələrdəndir. 2017-ci ildən başlayaraq nağdsız əməliyyatların genişləndirilməsi, nağd pul vəsaitlərinə limitin tətbiqi, dövlət müəssisələri ilə bərabər, özəl şirkətlərdə maaşların kart vasitəsilə verilməsi vergidən yayınmanın və ikili mühasibatın aradan qaldırılmasına təsir göstərir". R.Fətullayev hesab edir ki, Azərbaycanın mühasibat və maliyyə sisteminin əsas tərkib hissəsi maliyyə hərəkətlərinin optimallaşdırılması, maliyyə nəzarəti, düzgün uçotun qurulmasıdır. Ölkəmizin milli mühasibat sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təkmil hüquqi baza yaradılsa da, bəzi təşkilatlarda və təsərrüfat subyektlərində mühasibatın müasir meyarlara uyğunlaşdırılmasında problemlər qalmaqdadır və bu hallar aradan qaldırılmalıdır. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.