e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Milli Məclisdə məcburi dövlət sosial sığorta üzrə borcların silinməsini nəzərdə tutan qanun qəbul edilib

2018-03-07 | İqtisadiyyat | 2373

Milli Məclisin bu gün keçirilən iclasında prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

"APA-Economics" xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu qanun layihəsində üç əsas məsələ öz əksini tapıb. "Bu məsələlərdən biri 2006-ci ilə qədər olan sığiorta haqları üzrə yaranan borclarla bağlıdır. Bunların məbləği 100 milyon manatdır. İkinci məqam 2006-cı ildən 2015-ci il 1 yanvar tarixinə qədər qədər olan borca görə yazılan cərimələrdir ki, bunların da məbləği 55 nmilyon manatdır. Üçüncü məqam 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinə qədər yaranmış borclarla bağlıdır ki, onların da həcmi təxminən 26,7 milyon manatdır. Bütün bu tədbirlər sahibkarların iş şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub".

Xatırladaq ki, qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsinə əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

  • - sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;
  • - sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;
  • - sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;
Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mənbə: https://apa.az/maliyye_xeberleri/azerbaycanda-mecburi-dovlet-sosial-sigorta-uzre-borclarin-silinecek-3207.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.