16 aprel mənfəət və gəlir vergisi üzrə cari ödəmələrin son günüdür!2018-04-13 | Vergilər | 2390Gəlir və mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra cari ödəmələri 15 gündən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini öz seçiminə əsasən aşağıda göstərilən iki mümkün metoddan birinə uyğun müəyyənləşdirə bilər.
Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün ikinci metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı birinci metodu tətbiq edir. Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyiciləri mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəmələrini təqvim ili ərzində rüblər üzrə artan yekunla hesablamalı, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalı, rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir. Gəlir vergisi (xüsusi notariuslar üzrə) Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablanmalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. Xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) hesablanan gəlir vergisi barədə «Xüsusi notariusun gəlir vergisi bəyannaməsi» hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Gəlir vergisi (idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə) İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarış və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək «Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»ni vergi orqanına verməyə borcludurlar. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək «Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»ni vergi orqanına təqdim etməyə borcludurlar. F. İKRAMQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.