e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İctimai əhəmiyyətli qurumların mühasibatlığına qarşı tələblər artırılır

2018-04-24 | Mühasibat uçotu | 2823

"Mühasibat uçotu haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

"Report"un verdiyi xəbərə görə, layihəyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən pulik hüquqi şəxslərin baş mühasibləri peşəkar olmalıdırlar.

Maliyyə nazirinin müavini Emin Hüseynov bildirib ki, ictimai əhəmiyyətli qurumların baş mühasibləri peşəkar mühasib sertifikatına malik olmalıdırlar. Hazırda apardığımız ilkin hesablamalara əsasən, peşəkar mühasib tələb olunan təşkilatların sayı 10 mindən yuxarıdır. Nəticədə 10 min təşkilatda maliyyə hesabatı beynəlxalq satandartlara uyğun olacaqsa, 10 min baş mühasib tələb olunacaq. Bu proses mərhələli, qrafikə uyğun aparılacaq.

"İctimai əhəmiyyətli qurum beynəlxalq standartlara cavab verməlidir. Beynəlxalq satandartları tətbiq edəcək adamlar lazımdır. Bunun üçün də baş mühasib beynəlxalq pəşəkar mühasib sertifikatına malik olmalıdır", - deyə o qeyd edib.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını və peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını təmin edir. Bundan başqa, qanun layihəsi ilə kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları ləğv edilib.

Layihəyə əsasən, Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı müddəaların çıxarılması nəzərədə tutulduğu üçün həmin layihədə Mühasibat Uçotu üzrə Məsləhət Şurasının yaradılması və fəaliyyətinin tənzimlənməsi ilə bağlı maddələr ləğv edilib.

Eyni zamanda layihəyə mühasibat uçotunun aparılmasında dövlət nəzarətinin həyata keçirilməsi, mühasibat uçotu subyektlərinin bu qanunla müəyyən edilmiş uçot qaydalarına riayət etməsinin yoxlanılması ilə bağlı normalar daxil edilib.

Qeyd edək ki, qanun layihəsi ilə ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəlxalq standartlara keçid təmin ediləcək.

Mənbə: https://report.az/maliyye/i-ctimai-ehemiyyetli-qurumlarin-muhasibatligina-qarsi-telebler-artirilir


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.