e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mərkəz: Mülki Məcəlləyə dəyişikliklər kiçik investorların xeyrinədir

2018-04-24 | Hüquq | 2486

"Azərbaycanda son dövrdə aparılan iqtisadi islahatlarla kiçik investorların maraqlarının qorunması daimi diqqət mərkəzində saxlanılıb və mütəmadi olaraq ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq müvafiq təkmilləşmələr həyata keçirilib".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı "APA-Economics"ə bildirib ki, ötən dövrlərdə bu sahədə aparılan iqtisadi islahatlarının nəticəsində beynəlxalq arenada Azərbaycan yüksək qiymətə nail olub: "Belə ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatında kiçik investorların maraqlarının qorunması indikatoru üzrə Azərbaycan ilk onluqda yer alıb. İslahatların davamı olaraq, Prezident İlham Əliyev 23 aprel 2018-ci il tarixdə imzaladığı Fərmanla yerli və xarici investorlar üçün Azərbaycan iqtisadiyyatının cəlbediciliyini daha da artırmaq üçün Mülki Məcəlləyə müvafiq dəyişikliklər edib".

A.Çaparlı qeyd edib ki, yeni fərmana əsasən, səhmdarlar həyata keçirilən əməliyyatlar nəticəsində alıcıya vurulan zərərə görə, direktorlar məsuliyyətə cəlb edilə bilərlər.

"İcraçı direktor isə səhmdarların təmin olunan iddialarına görə cərimələnə, həbs edilə və ya vəzifəsindən kənarlaşdırıla bilər. Bundan əlavə, səhmdarın müvəffəqiyyətli iddiası nəticəsində məhkəmə əməliyyatını (əqdi) ləğv oluna bilər. Səhmdar cəmiyyətinin iştirakçısı payını satdığı halda ilk öncə mövcud iştirakçılara təklif etməlidir. Həmçinin, səhmdar cəmiyyətinin 50 faiz iştirak payını alan potensial alıcı tərəfindən digər səhmdarlara tender elan etməlidir. Məhdud məsuliyyətli cəmiyyətin aktivlərinin 51 faizinin satıldığı zaman isə cəmiyyətin iştirakçılarının razılığı tələb edilir. Bundan əlavə, iştirak payının 5 faizini təşkil edən səhmdar cəmiyyətinin iştirakçıları gündəliyə yeni müzakirə mövzularını əlavə edə bilərlər. Cəmiyyətin direktorlar şurası yalnız direktorlar şurasının üzvlərindən ibarət audit komitəsini ehtiva etməlidir", - deyə o vurğulayıb.

İİTKM-in departament rəhbəri əlavə edir ki, qanunvericiliyə edilmiş dəyişikliklər Azərbaycanda cəlbedici biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması və beynəlxalq reytinqlərdə, o cümlədən də "Doing Business 2019" hesabatında ölkəmizin mövqeyinin gücləndirilməsi üçün münbit şərait yaradacaq.

Mənbə: https://apa.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.