e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Milli Məclis müflisləşmə haqqında qanunu qəbul edib

2018-04-24 | Hüquq | 2554

Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

"APA-Economics" xəbər verir ki, iclasda "Müflisləşmə və iflas haqqında" qanunda dəyişiklik layihəsi müzakirə olunub.

Layihəyə əsasən, dəyəri borclunun aktivlərinin 5% və daha çox hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və bu qanunun 48-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmiş qaydada kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və bu qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir. Dəyəri borclunun aktivlərinin 5%-dən az hissəsini təşkil edən aktivlərinin satılması əmlak inzibatçısı tərəfindən bu qanunun tələbləri nəzərə alınmaqla kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilə və ya satış planına daxil edilməsi təklif olunur.

Borclunun öz əmlak hüquqlarının verilməsinin məhdudlaşdırılması maddəsində də dəyişiklik edilib. Dəyişikliyə əsasən borclunun iflas prosesinə başlanması məqamından əvvəlki 6 ay ərzində bir kreditoru digər kreditorlara münasibətdə ödənişlərin növbəliliyində üstün vəziyyətə gətirəcək əqdlər bağlandıqda əmlak inzibatçısı borclunun bağladığı əqdlərin mübahisələndirilməsi üçün məhkəməyə müraciət edə biləcək.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən hüquqların verilməsi və ya girov hüququnun yaradılması bu qanunun 2-ci maddəsində göstərilmiş iflas prosesinə başlanılması məqamından əvvəlki 90 gün ərzində həyata keçirildikdə borclu məhkəməyə müraciət edə bilir.

Layihə borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədi ilə hazırlanıb.

Qanun layihəsi Milli Məclisdə səsə qoyularaq qəbul edilib

Mənbə: https://apa.az/daxili_siyaset/milli-meclis-muflislesme-haqqinda-qanunu-qebul-edib-6137.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.