e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Ümumi Hesabatlılıq Standartının tətbiqi və tələblərə əməl edilməsi

2018-06-14 | Vergilər | 2545

İyun ayının 8-də Vergilər Nazirliyində Beynəlxalq vergitutma və maliyyə institutlarında vergi monitorinqi departamentinin təşkilatçılığı ilə maliyyə institutlarının nümayəndələri ilə "Ümumi Hesabatlılıq Standartının tətbiqi və tələblərə əməl edilməsi" mövzusunda görüş keçirilmişdir. Görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri, hesabat verən maliyyə institutlarının məsul şəxsləri, eləcə də Vergilər Nazirliyinin əməkdaşları, digər strukturların nümayəndələri və Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup tələbəsi iştirak etmişlər.

Tədbirdə çıxış edən Beynəlxalq vergitutma və maliyyə institutlarında vergi monitorinqi departamentinin Maliyyə institutlarında vergi monitorinqi idarəsinin direktoru Səfərəli Cavadov iştirakçılara İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanmış avtomatik məlumat mübadiləsinin prinsiplərini tənzimləyən ümumi hesabatlılıq standartı olan CRS-in hüquqi əsasları və ümumi prinsipləri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin 18-ci hissəsində ölkənin hüdudlarından kənarda əldə edilmiş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlərlə maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması nəzərdə tutulmuşdur: "Sərəncamdan irəli gələn tapşırığı yerinə yetirmək məqsədilə "Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma"ya qoşulmaq barədə qərar qəbul edilmiş, ölkə Prezidentinin 3 may 2017-ci il tarixli sərəncamına əsasən Çoxtərəfli Razılaşmaya qoşulmaq haqqında Bəyanatı Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti vergilər nazirinə həvalə edilmiş və 2017-ci ilin 1 iyun tarixində Bəyanat imzalanmış, Çoxtərəfli Razılaşma Azərbaycan Respublikasının da tərəfdar çıxdığı "Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya"nın 6-cı maddəsinə uyğun qaydada hazırlanmışdır".

Qeyd olunmuşdur ki, Çoxtərəfli Razılaşma 15 iyul 2014-cü il tarixində OECD tərəfindən hazırlanmış və vergitutma məqsədləri üçün müxtəlif dövlətlərin rezidentləri olan fiziki və hüquqi şəxslərin maliyyə institutlarındakı hesabat verilməli hesablarının qalığı barədə məlumatların toplanması və həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyən Ümumi Hesabatlılıq Standartının tətbiq edilməsini nəzərdə tutur. Bildirilmişdir ki, Çoxtərəfli Razılaşmaya qoşulmaqda əsas məqsəd bu sənədin məlumat mübadiləsinin aparılma müddəti və qaydasına əsasən xarici dövlətlərin rezidentləri olan fiziki və hüquqi şəxslərin hesabat verilməli hesablarının qalığı barədə məlumatların ümumiləşdirilərək həmin dövlətlərə göndərilməsi, eyni zamanda həmin dövlətlərdə Azərbaycan Respublikasının rezidentləri olan fiziki və hüquqi şəxslərin hesabat verilməli hesablarının analoji məlumatlarının mübadilə edilməsi və bu sahədə şəffaflığın artırılmasıdır. Çoxtərəfli Razılaşmaya qoşulma haqqında bəyanata əsasən Azərbaycanda Standartın tətbiqinə 1 iyul 2017-ci il tarixdən başlanmışdır.

Mənbə: http://vergiler.az/art-view/7213/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.