DGK və Vergilər Nazirliyi gömrükdən keçirilən malların eyniləşdirilməsi vasitələrinə birgə nəzarət edəcək2018-06-29 | İqtisadiyyat | 2271Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsi vasitələrinə birgə nəzarət edəcək. APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncamda öz əksini tapıb. Bununla bağlı aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək, eləcə də icraçı orqanlar qismində müəyyənləşdirilən Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında razılaşdırma sənədi imzalanacaq. Bu tədbir bu ilin avqustun 1-dək icra olunmalıdır. Bundan başqa, tədbirlər planına əsasən gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə görə gömrük bəyannaməsi, təkrar ixrac bildirişi və ya qısa ixrac bəyannaməsi (fiziki şəxslərin istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirməsi halları istisna olmaqla) yalnız elektron formada təqdim ediləcək. Bununla bağlı icraçı dövlət qurumları qismində müəyyənləşdirilən Dövlət Gömrük Komitəsi, Vergilər, Maliyyə və İqtisadiyyat Nazirliklərinə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin və ya qısa ixrac bəyannaməsinin təqdim edilməsi üzrə elektron xidmətlərini təşkil etmək, gömrük bəyannaməsinin 31-ci və 33-cü qrafasında göstərilən məlumatların tam və ətraflı qeyd olunması üçün müvafiq elektron sistemlərin işlənməsi tapşırılıb. Qeyd olunan tədbir gələn ilin yanvarın 1-dək icra olunmalıdır. Mənbə: http://apa.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.