e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda müəssisələrin mikroiqtisadi göstəricilərinin təhlilinə başlanacaq

2018-07-04 | İqtisadiyyat | 2180

İqtisadiyyatın real sektorunun və vergi ödəyicilərinin fəaliyyətinin mikroiqtisadi səviyyədə araşdırılması iqtisadi təhlillərin aparılacağı digər bir istiqamətdir.

Vergilər Nazirliyindən "APA-Economics"ə verilən xəbərə görə, Nazirliyin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktorunun müavini Elçin Ağakişiyev bildirir ki, vergi sistemində əvvəllər də risklərin təhlili və analitik araşdırmalar mövcud olub. Lakin, bu məlumatların daha dərin səviyyədə araşdırılması və əlaqələndirilməsi, müəssisənin mikroiqtisadi səviyyədə təhlil edilməsi zəruridir.

"Əsas hədəfimiz vergi sisteminin məlumat bazasını (bunlara dövriyyə göstəriciləri, vergi ödəmələri, anbar ehtiyatları, müəssisənin hansı ticarət markası altında işləməsi və s. aiddir) optimallaşdırmaqla vergi ödəyicilərinin fəaliyyət göstərdiyi ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinin mövcud vəziyyətini tam təhlil etmək imkanlarının əldə edilməsidir. Bu əsasda müəssisələr səviyyəsində mikroiqtisadi göstəricilərin geniş təhlili aparılacaq. Bu təhlillər müəssisələrin vergi ödəmələri sahəsində vəziyyətini tam açıqlığı ilə ortaya qoyacaq," - deyə E.Ağakişiyev qeyd edib.

E.Ağakişiyevin sözlərinə görə, dünya ölkələrinin praktikasında müasir mikroiqtisadi təhlil prosesində üçüncü tərəflərin məlumatlarından da istifadə edilir: "Məsələn, müəssisənin dövriyyəsi ilə yanaşı, onun istehlak etdiyi enerji və s. göstəricilərdən də istifadə edilə bilər. Belə təhlillər nəticəsində müəssisənin risk profili yaradılacaq, proqnozlaşdırma modelləri müəssisənin inkişafının daha dəqiq xəritəsini yaradacaq".

Bununla yanaşı, Vergilər Nazirliyi vergi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılmasını nəzərdə tutur. Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması təkcə vergi ödəmələri üçün deyil, ümumilikdə idarəedici qərarlar üçün də vacibdir. E.Ağakişiyevin sözlərinə görə, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə əməkdaşlığı elə qurmaq niyyətindədir ki, sahibkarlar şəffaf fəaliyyət göstərməyin iqtisadi cəhətdən səmərəli, əlverişli və sərfəli olduğunu başa düşsünlər.

Bununla yanaşı, iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan bir sıra sahələrdəki iqtisadi proseslərin dərindən araşdırılması, bu araşdırmanın nəticələri əsasında vergi orqanlarının həmin sahələrdə iş keyfiyyətinin artırılması nəzərdə tutulur. Bu məqsədlə üç mühüm istiqamət – aksizli mallar, neft-qaz fəaliyyəti iştirakçıları və maliyyə-sənaye qrupları üzrə ayrıca iş aparılacaq.

E.Ağakişiyev bildirir ki, bu sahələrlə işin yenidən qurulması daha geniş təhlil bazasına əsaslanan yanaşmaların tətbiqi ilə əlaqədardır: "Aksizli mallar sektoru olduqca böyükdür. Aksizlərin tətbiqi belə malların dövriyyəsini nəzarətdə saxlamaq üçün mühüm vasitədir. Eyni zamanda, bu sahədə təminat zənciri boyunca – istehsalçı və idxalçıdan başlamış topdansatış, distributor, pərakəndə satış həlqələrinə qədər malın hərəkətini izləmək, anbar ehtiyatlarını müəyyən etmək və əməliyyatları və ödəmələri nəzarətdə saxlamağa imkan verir. Neft-qaz şirkətləri ölkə iqtisadiyyatında mühüm paya malikdirlər və onlarla aparılan işlərin daha geniş və dərin geniş təhlili zəruridir. Nağdsız ödəmələrin inkişaf etdirilməsi üçün isə maliyyə-sənaye qrupları ilə işlərin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, banklar, prosesinq şirkətləri ilə əməkdaşlıq genişləndiriləcəkdir. Nağdsız ödəmələr sahəsində son istifadəçi kartdan istifadəyə həvəsləndirilməlidir. Bu həm dövriyyələrin artması baxımından banklar üçün, həm də leqallaşma baxımından dövlət üçün səmərəlidir. Vergilər Nazirliyi vergidən yayınmaların azaldılması, nağdsız ödəmələrin tətbiqi əhatəsinin genişlənməsi üçün müvafiq addımlar atacaq. Beləliklə, nazirliyin yeni funksional idarəetmə çərçivəsində vergi siyasətinin taktiki və strateji hədəflərinə effektiv şəkildə nail olunmasını təmin etmək əsas vəzifəmizdir".

Mənbə: http://apa.az/maliyye_xeberleri/vergiler-nazirliyi-muessiselerin-mikroiqtisadi-gostericilerinin-tehlilini-aparacaq-5678.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.