Əmək kitabçalarının dövriyyədən çıxarılmamasının səbəbləri açıqlanıb - EKSKLÜZİV2018-07-25 | Kadr işi | 2754Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək kitabçalarının hələ də dövriyyədə saxlanılmasının səbəbləri, sosial sığorta kartının əhəmiyyəti və bu kartların istehsalına xərclənən vəsait, həmçinin DSMF-yə bəyannamələri vermək üçün yalnız "ASAN imza"dan istifadə olunması ilə bağlı sosial mediada nazirliyə ünvanlanan suallara münasibət bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov "APA-Economics"ə bildirib ki, ölkəmizdə fərdi uçot sistemi 2006-cı ildən tətbiq olunur. Onun sözlərinə görə, bu sistem pensiya təyinatı zamanı məhz həmin dövrdən sonrakı əmək stajını müəyyən etmək üçün baza rolunu oynayır: "2006-cı ilədək olan dövr üçün sığorta stajının müəyyən edilməsi isə əmək kitabçaları əsasında həyata keçirilir. 2006-cı ilədək əmək stajı olan vətəndaşların hər birinə pensiya təyinatı aparıldıqdan sonra bu kitabçalar dövriyyədən çıxarılacaq". Artıq sığorta kartlarının çap edilməsinə lüzum qalmadığını diqqətə çatdıran ƏƏSMN rəsmisi qeyd edib ki, nazirliyin aidiyyəti vətəndaşlara dair elektron məlumat bazaları fərdi identifikasiya nömrəsi (FİN) vasitəsilə formalaşır: "Bu bazalar Daxili İşlər Nazirliyinin müvafiq məlumat bazasına inteqrasiya olunduğu üçün istənilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə ona aid olan fərdi hesab məlumatlarına çıxış imkanı mövcuddur. Ona görə də sosial sığorta kartı artıq çap etdirilmir". DSMF-yə bəyannamələri vermək üçün yalnız ASAN imzanın tələb olunması fikri ilə əlaqədar F.Talıbov bildirib ki, 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Kollegiya Qərarına əsasən sığortaedənlər rüblük hesabatlarını Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. "Elektron imza və elektron sənəd haqqında" qanuna əsasən elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir. Nazirliyin "Elektron Hökumət" portalında sığortaedənlərə təqdim etdiyi xidmətlərdən istifadə olunması üçün gücləndirilmiş elekton imzadan istifadə edilməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən elektron imzalar və Asan imza gücləndirilmiş elektron imzalardır. Yalnız ASAN imzanın istifadəsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.