Nəhəng audit şirkəti Azərbaycandakı ittihamlara cavab verdi2018-09-14 | Audit | 2871Dünyanın ən məşhur auditor şirkətlərindən biri, "Böyük Dördlü"yə daxil olan KPMG şirkətinin Azərbaycandakı ofisinin adı təqribən iki ilə yaxındır ki, ölkənin iki məşhur bankı olan "Bank Standard"və "Texnikabank"ın bağlanması ilə bağlı prosesdə hallanır. Həmin banklar üçün audit hesabatını KPMG şirkəti hazırlamışdı. Ona görə də bəziləri, o cümlədən "Bank Standard"ın Kreditorlar Komitəsi şirkəti düzgün olmayan hesabat hazırlamaqda və nəticədə bankın müştərilərini dolayısı ilə aldadılmasında və onları zərərə salmaqda ittiham edirlər. Bununla bağlı məhkəmədə iddia da qaldırılıb. Bəs şirkətin adı çəkilən bankların bağlanmasında rolu necədir? "KPMG Azərbaycan" şirkəti bununla bağlı suallarını cavablandırıb. - KPMG şirkəti "Bank Standard" və "Texnikabank" bankları ilə əməkdaşlığa nə vaxtdan başlayıb və nə qədər müddətdir ki, bu əməkdaşlıq davam edirdi? - KPMG Azərbaycan şirkəti "Bank Standard" ilə 2012-ci ildə, "Bank Technique" ilə 2011-ci ildə əməkdaşlığa başlayıb. Qeyd olunan bankların maliyyə hesabatları üzrə "KPMG Azərbaycan" tərəfindən tərtib olunan ən sonuncu auditor rəyləri bankların 31 dekabr 2013-cü ildə bitən maliyyə illərinə münasibətdə verilib. - Şirkətinizin həmin banklarla əməkdaşlığı necə başlayıb - KPMG bununla bağlı keçirilən hər hansı tenderin qalibi olub, yoxsa, danışıqlar yolu ilə bu xidmətlərin icrası üçün seçilib? - "Bank Standard" və "Bank Technique"in, dövlət müəssisələri və ya nizamnamə fondlarında dövlətin iştirak payı olmadığından, dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl etmək, o cümlədən açıq tender keçirmək öhdəliyinə malik deyildirlər. Belə olan təqdirdə, qeyd olunan banklar satınalmaları öz daxili prosedurlarına müvafiq qaydada keçirməkdə sərbəst idilər. "KPMG Azərbaycan" adı çəkilən banklardan auditor xidmətlərinin göstərilməsinə dair qiymət təklifi sorğusu alıb və əksər qeyri-dövlət kommersiya bankları ilə əməkdaşlıq çərçivəsində olduğu qaydada, bu banklara da auditor xidmətlərinin göstərilməsinə dair öz kommersiya təklifini təqdim etmiş və nəticədə bu banklarla xidmətlərin göstərilməsinə dair müvafiq müqavilələr bağlanıb. - Bildirilir ki, bu bankları əvvəllər "PWC" audit şirkətində çalışan və sonradan sizin şirkətə keçən Vüqar Əliyev müştəri kimi "gətirib". Bildirilir ki, məhz onun sayəsində son illər bu banklarda normal audit aparılmayıb. Bu məlumat doğrudurmu? - Bu məlumat həqiqətə uyğun deyildir. KPMG-də müştərilərin xidmətə qəbulu prosesi KPMG-nin qlobal siyasətinə və daxili standartlarına müvafiq qaydada aparılır. KPMG-nin Bakı ofisi də bu qaydadan istisna təşkil etmir. Bizim işimizin keyfiyyəti, daxili qaydalarla yanaşı, tənzimləyici orqan tərəfindən də mütəmadi yoxlanılır. Auditor xidmətləri sahəsində tənzimləyici qurum olan Auditorlar Palatası hər il planlı yoxlama çərçivəsində KPMG-nin fəaliyyətini yoxlayır. İndiyədək keçirilən yoxlamalar nəticəsində KPMG-nin təqdim etdiyi auditor xidmətlərinin tətbiq olunan beynəlxalq standartlara və/və ya yerli qanunvericiliyə uyğunsuzluğu halları mövcud olmayıb. KPMG-nin yerli ofislərinin rəhbər heyətinin şəxsi mənsubiyyətindən asılı olmayaraq, banklara təqdim olunan bütün auditor xidmətləri əlavə olaraq,KPMG-nin müstəqil partnyorları tərəfindən xidmətlərin peşəkar standartlara və daxili risklərin idarə edilməsi qaydalarına uyğunluğu predmetinə mütəmadi olaraq yoxlanılır. - "Bank Standard" və "Texnikabank"la bağlı hesabatlar hazırlananda bu banklardakı risklər və problemlər aşkar edilmişdimi? Həmin problemlər hesabatda lazımi qaydada göstərilmiş və bankların menecmentinəvə səhmdarlarına bu problemlər barədə ayrıca məlumat verilmişdi? - Qanunvericilik və müqavilə öhdəliklərindən irəli gələn məhdudiyyətlər səbəbindən biz bu kimi məsələləri sorğu olunan təfərrüatı ilə şərh edə bilmirik. Bunlara baxmayaraq, bildirə bilərik ki, beynəlxalq audit standartlarının və yerli qanunvericiliyin tələb etdiyi hallarda, "KPMG Azərbaycan" bank sahəsində dövlət tənzimləyicisini və bank rəhbərliyini sözügedən bankın maliyyə hesabatlarında aşkar edilmiş uyğunsuzluqlar və ya pozuntular barədə məlumatlandırıb. - Bankların bağlanması ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarları KPMG üçün sürpriz oldumu? Yəni KPMG bu bankların fəaliyyətinin dayandırılacağını və ya onlara qarşı hər hansı sanksiyalarıın qoyulacağını gözləyirdimi? - Bank fəaliyyəti sahəsində dövlət tənzimləyici qurumu öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud qanunvericiliyi çərçivəsində həyata keçirir. KPMG dövlət tənzimləyicisinin ayrı-ayrı şirkətlərə münasibətdə qəbul etdiyi qərarları şərh edə bilməz. - Hazırda "Bank Standard"ın Kreditorlar Komitəsinin rəhbərliyi baş verənlərdə, KPMG-ni ittiham edir və sizin şirkət bununla bağlı məhkəməyə verilib. Buna şirkətin münasibəti necədir? - "Bank Standard"ın Kreditorlar Komitəsinin müraciəti əsasında, 2017-ci ilin iyul ayında Azərbaycan Auditorlar Palatası tərəfindən KPMG-nin "Bank Standard"a göstərdiyi auditor xidmətləri və müvafiq məhkəmə qərarından sonra "Bank Standard"a təyin olunan ləğvediciyə təqdim olunan qiymətləndirmə xidmətlərinin keyfiyyətinin yoxlanılmasına dair növbədənkənar yoxlamaya başlanılıb. Təxminən bir ay davam edən sözügedən yoxlamanın nəticəsində yoxlayıcı orqan KPMG tərəfindən göstərilmiş xidmətlərin yerli qanunvericiliyə və beynəlxalq audit, həmçinin qiymətləndirmə standartlarına uyğun olduğu qənaətinə gəlib.Bundan əlavə, yoxlama nəticəsində KPMG-nin Bankın ləğvedicisinə təqdim etdiyi qiymətləndirmə xidmətləri ilə əlaqədar maraqlar toqquşması hallarının mövcud olmadığı müəyyən olunmuşdur. 2018-ci ilin mart ayında "Bank Standard-"ın bir neçə əmanətçisi Bakı şəhəri Nəsimi rayon məhkəməsində KPMG-nin "Bank Standard"a göstərdiyi auditor xidmətlərinin keyfiyyətsiz olduğunu iddia edərək dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə KPMG Azərbaycan-a qarşı iddia qaldırıblar. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qəbul etdiyi qərara əsasən, Bank Standard-ın əmanətçilərinin iddiası əsassız hesab edilərək rədd edilib. - Başqa sözlə desək, obyektiv yoxlamalar KPMG tərəfindən hər hansı pozuntulara yol verildiyini aşkarlamayıb. KPMG, "Bank Standard" və "Bank Technique"a göstərilmiş auditor xidmətlərinin keyfiyyətini şübhə altına alan istənilən iddiaları əsassız hesab edir. Yerli məhkəmənin "Bank Standard"ın əmanətçilərinin iddiasına münasibətdə xeyrimizə çıxardığı qərar və AR Auditorlar Palatasının hər iki banka münasibətdə apardığı keyfiyyət yoxlamasının nəticəsi bu cür mövqedən çıxış etmək üçün tutarlı əsaslar verir. - Şirkətinizə qarşı səslənən növbəti ittiham - "Bank Standard"ın bağlanmasından sonra onun aktivlərinin qiymətləndirilməsinə də sizin şirkətin cəlb edilməsidir. Bankın Kreditorlar Komitəsi bunu etik saymırlar. Bu yanaşmaya münasibətiniz necədir? - Bu iddiaya ilə bağlı "Bank Standard"ın Kreditorlar Komitəsi Azərbaycan Respublikasının Auditorlar Palatasına müraciət etib və "KPMG Azərbaycan"ın "Bank Standard"ın ləğvedicisinə göstərdiyi qiymətləndirmə xidmətləri nəticəsində maraqlar toqquşması halının mövcud olub-olmadığını araşdırmağı xahiş etib. Palata 2017-ci ilin iyul-avqust ayları ərzində apardığı növbədənkənar yoxlama zamanı maraqlar toqquşması hallarının mövcud olmadığı, həmçinin beynəlxalq qiymətləndirmə standartlarının və tətbiq olunan Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq normalarının pozulmadığı qənaətinə gəlib. - Bu hadisə ilə bağlı KPMG-nin baş ofisinə də müraciət edilibmi? Bununla bağlı baş ofis tərəfindən Bakı ofisinə hər hansı irad bildirilib və ya hər hansı tədbir görülübmü? Ümumiyyətlə, baş ofis bu məsələdən xəbərdardırmı və Bakı ofisinin ünvanına səslənən ittihamları araşdırıbmı? - KPMG-nin Azərbaycandakı ofisi KPMG beynəlxalq şəbəkəsinin üzvüdür və Azərbaycandakı ofisin fəaliyyətinə KPMG-nin qlobal standartlarına müvafiq qaydada nəzarət olunur. Bizə məlumdur ki, Bank Standard-ın Kreditorlar Komitəsi KPMG-nin müxtəlif ölkələrdəki ofislərinə məktublar göndərib. KPMG-nin digər ofislərindəki əməkdaşlarının cəlb olunması ilə araşdırmalara yalnız pozuntu faktlarının mövcud olduğu hallarda başlanılır. Hazırkı məsələdə heç bir pozuntu aşkarlanmaib. - Şirkətin özü "Bank Standard" və "Texnikabank"ın hesabatlarının hazırlanması və sonradan həmin bankların bağlanması ilə bağlı məsələləri öz daxilində müzakirə edibmi? Yəni burda şirkətin əməkdaşlarının peşəkarlığı müzakirə obyekti olubmu? - KPMG əməkdaşlarının peşəkarlığı müzakirə predmeti olmayıb. Belə ki,şirkətin bütün əməkdaşları mütəmadi olaraq beynəlxalq standartlar və yerli qanunvericiliyin tələblərini özündə cəmləşdirən icbari təlimlərdən keçirlər. Beləliklə, KPMG ən geci illik əsasda əməkdaşlarının peşəkarlıq səviyyəsini qiymətləndirir və bu cür tədbirlər nəticəsində heç bir pozuntu və risklər aşkarlanmayıb. - Baş verənlər, KPMG-nin işgüzar imicinə necə təsir edib? Bu hadisədən sonra şirkətə müştərilərin münasibətində, sayında dəyişiklik varmı? - İşgüzar nüfuza mənfi təsir o zaman yaranır ki, iddia olunan qüsurlar öz təsdiqini tapsın. Lakin bu cür iddialar ictimai şəkildə ifadə olunan kimlərinsə şəxsi fikridir. Sözügedən iddialar müəyyən bir qrup şəxslər tərəfindən səsləndirilir və heç bir rəsmi dövlət qurumu, o cümlədən tənzimləyici dövlət orqanları və Azərbaycan Respublikasının məhkəmə instansiyaları tərəfindən nə qəbul edilməmiş, nə də təsdiqlənməib. Biz bir daha vurğulamaq istərdik ki, mövcud real vəziyyət aşağıdakılardan ibarətdir: Azərbaycanda auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək və auditor təşkilatlarının fəaliyyətini yoxlamaq səlahiyyətinə malik olan Auditorlar Palatası KPMG-nin göstərdiyi xidmətlərin keyfiyyətini yoxlayıb və uyğunsuzluqlar aşkar etməyib, o cümlədən KPMG-yə qarşı "Bank Standard"ın bir qrup əmanətçilərinin irəli sürdüyü iddia məhkəmə tərəfindən əsassız hesab edilərək rədd edilib. KPMG-nin Azərbaycandakı ofisi qarşıya qoyduğu məqsədləri icra edir və biz məmnuniyyətlə Azərbaycandakı müştərilərimizə, o cümlədən dövlət müəssisə və qurumlarına peşəkar xidmətlər göstərməkdə davam edirik. - KPMG bu hadisədən sonra Azərbaycan bazarında fəaliyyətinə yenidən baxmaq niyyətindədirmiə? - KPMG Azərbaycan öz fəaliyyətinə işçi qaydada davam etməkdədir. Həmçinin, şirkət qarşıya qoyulan məqsədləri yerinə yetirməklə yanaşı yerli biznes mühitinin, milli iqtisadiyyatın inkişafına öz töhfəsini verməkdə davam edir. Mənbə: http://marja.az/news/30480 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.