Nağd alış-verişin birdəfəlik tarixə qovuşması gündəmdə: Öncə banklardan başlamaq lazımdır2018-09-20 | İqtisadiyyat | 2214
"Əhali anlamalıdır ki, nağdsız hesablaşmaların reallaşması onlar üçün daha sərfəlidir" "Azərbaycanda ümumi hesablaşmalarda nağdsız hesablaşmaların xüsusi çəkisinin artırılması son dərəcə zəruridir. Artıq bu istiqamətdə Mərkəzi Bank və aidiyyatı qurumlar uzun müddətdir bəyanatlar verir. Amma yaxşı olar ki, bu məsələnin reallaşması üçün Mərkəzi Bank və aidiyyatı qurumların əməli tədbirlərinin şahidi olaq". Bunu Sputnik Azərbaycan-a açıqlamasıda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov deyib. Onun sözlərinə görə, nağdsız hesablaşmaların xüsusi çəkisinin artırılması üçün ilk növbədə bank-maliyyə xidmətləri infrastrukturu təkmilləşdirilməlidir. "Eyni zamanda, qanunvericilik aktlarında dəyişikliklər edilməlidir. Nağdsız hesablaşmalara keçid bir tərəfdən iqtisadiyyatda şəffaflığa, digər tərəfdən iqtisadi proseslərin sürətləndirilməsinə xidmət edəcək. Bu da son dərəcə önəmlidir. Bununla yanaşı, nağdsız hesablaşmalara keçid, ümumilikdə makroiqtisadi göstəricilərdə, yəni iqtisadi artım, inflyasiya və digər universal göstəricilərdə ciddi şəkildə keyfiyyət dəyişikliklərinə nail olmağa imkan verəcək" - professor bildirib. "Dünya təcrübəsi də onu göstərir ki, nağdsız hesablaşmalara keçid nə qədər mürəkkəb bir proses olsa da, zəruri hesab olunur. Çünki iqtisadiyyat inkişaf etdikcə, iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişikliklərinə nail olduqca, hesablaşmalarda nağdsız hesablaşmanın xüsusi çəkisinin artırılması labüddür" - deyə o, əlavə edib. Ekspertin fikrincə, yaxın illərdə iqtisadi islahatların həyata keçirilməsinin ən mühüm hissələrindən biri də məhz nağdsız hesablaşmalara keçid olacaq: "Bunun üçün ilk növbədə qanunvericilikdə dəyişikliklər, bank-maliyyə sahəsində infrastrukturun təkmilləşdirilməsi tələb olunur. Amma bununla yanaşı, bir sıra stimullaşdırıcı tədbirlər də görülməlidir ki, nağdsız hesablaşmalara keçiddə həm bazar iştirakçıları, həm də dövlət maraqlı olsun". E.Məmmədovun sözlərinə görə, ilk növbədə biznes əməliyyatları iştirakçılarının nağdsız hesablaşmalara keçməsi üçün stimul yaradılmalıdır: "Ancaq inzibati amillərlə nağdsız hesablaşmaların xüsusi çəkisinin artırılması bir qədər çətin görünür. Azərbaycanda bank sektoru çox böyük marja ilə, yəni çox böyük mənfəətlə və faizlərlə işləyir. Bank sektorunda bu istiqamətdə ciddi islahatlara ehtiyac var. Dünya iqtisadiyyatının təcrübəsi onu göstərir ki, bank sektorunda bank marjası cüzi olmalıdır. Yəni bank xidmətlərindən istifadə edənlərin sayı artmalıdır. Bank faizləri cüzi olmalı və banklar stimullaşdırıcı tədbirlər görməlidir ki, məhz kartlar vasitəsilə hesablaşmalarda əhali ilk növbədə maraqlı olsun. Digər tərəfdən, iqtisadi subyektlər maraqlı olsun". Professor qeyd edib ki, bir sıra iqtisadi subyektlərə nağdsız hesablaşmaların artırılması sərf etmir: "Amma sivil iqtisadiyyat qurmaq istəyiriksə, nağdsız hesablaşmalara keçidi təmin etməliyik. Çünki nağdsız hesablaşmalarda iqtisadi prosesləri aidiyyatı qurumlar çox ciddi şəkildə müşahidə edə bilər və qanun pozuntularının qarşısını çox tez və profilaktik qaydada ala bilər. Ona görə də bu, iqtisadi proseslərin çevikləşməsi, sürətləndirilməsi üçün zəruridir. Digər tərəfdən də iqtisadi əməliyyatlarda qanunauyğun proseslərin inkişafı üçün son dərəcədə lazımdır". "Əhali anlamalıdır ki, nağdsız hesablaşmaların reallaşması onlar üçün daha sərfəlidir. Bank infrastrukturunda ciddi təkmilləşməyə ehtiyac var. Bank infrastrukturunun inkişaf etməməsi nağdsız hesablaşmalara doğru əhalinin stimullaşdırılmasına mane olur. Ona görə də əhalidə bir çox hallarda nağdsız hesablaşmalara inam olmur. Amma bank sektorunun təkmilləşdirilməsi və nağdsız hesablaşmaların xüsusi çəkisinin artırılması çox zəruridir" — deyə o bildirib. Qeyd edək ki, Mərkəzi Bankın şöbə müdiri Ramil Mahmudov mətbuata açıqlamasında Azərbaycanda nağdsız ödəniş sisteminin lazımi səviyyədə inkişaf etmədiyini deyib. O, qeyd edib ki, Mərkəzi Bankın bu gün apardığı siyasətin əsas məqsədlərindən biri ölkədə nağdsız ödənişlərin səviyyəsini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaqdır: "Ötən illərlə müqayisədə nağdsız ödənişlərdə artım var, buna baxmayaraq, lazımi səviyyədə deyil. Rəqəmsal ödənişlərdə artım potensialı olsa da, bu sahədə boşluqların olması səbəbindən görüləcək işlər çoxdur". Mənbə: https://sputnik.az/economy/20180920/417093161/nagd-alis-verisin-legvi-gundemde.html |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.