Hərbi qulluqçuların sığortasında - DƏYİŞİKLİK
2014-01-15 | Vergilər | 2485
Azərbaycanda hərbi qulluqçuların sığortalanması qaydası dəyişib. Prezident İlham Əliyev "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklərə əsasən, hazırda aşağıdakı hallar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir:
- sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz;
- sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz;
- sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz;
- hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda:
- I qrup əlilliyə görə - 80 faiz;
- II qrup əlilliyə görə - 60 faiz;
- III qrup əlilliyə görə - 40 faiz;
- sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və d bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən:
- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz;
- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz.
Bundan başqa, dəyişikliyə əsasən, qanunun 8-ci maddəsindəki "sərxoş vəziyyətdə hərəkət etdikdə" sözləri "alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda" sözləri ilə əvəz edilib.
Mənbə: www.fins.az
|