e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bizim şirkət təcrübəsi olmayan gənclərə şans verməkdə maraqlıdır - MÜSAHİBƏ

2018-11-14 | Mühasibat uçotu | 3459

METAK şirkətinin Maliyyə meneceri İsmayıl Hümbətovun "Marja"ya müsahibəsi

-İsmayıl bəy, hal hazırda Azərbaycanda peşəkar maliyyə işçilərinə tələbat hansı səviyyədədir?

-Bildiyiniz kimi, Respublikamızda fəaliyyət göstərən şirkətlərdə mühasibat uçotunun şəffaflaşması prosesi sürətlənmişdir. Bu isə öz işini bilən, peşəkar mühasiblərə tələbi artırmışdır. Əmək yarmarkalarında, iş axtarış saytlarında mühasib, baş mühasib, maliyyə direktoru, maliyyə analitiki və s.kimi vakansiyaların sayı əvvəlki illərə nisbətdə nəzərəçarpacaq dərəcə artmışdır.

-METAK şirkətində mühasibat işçiləri hansı kriteriyalara görə seçilir?

-METAK şirkətinin bu məsələ ilə bağlı xüsusi yanaşması var. Baş və aparıcı funksiyalara malik olan mütəxəssilər əsasən müəssisədə bir neçə il iş təcrübəsinə malik olan əməkdaşlardır.

Bizim şirkət iş təcürübəsi olmayan, ali məktəblərə yüksək balla daxil olmuş, intellektual səviyyəsi yüksək olan gənc mütəxəssisləri işə qəbul etməkdə olduqca maraqlıdır. Ümumilikdə isə gənc kadrların seçilməsi prosesi belədir: Test keçirilir, ən yaxşı nəticə göstərən bir neçə şəxs seçilir, sonra intervyu keçirilir. İntervyudan sonra namizəd işə qəbul edilir.

-Mühasibat uçotu dedikdə insanların çoxunun beynində darıxdırıcı iş başa düşülür, sizcə bu nə qədər doğrudur?

-Mühasibat uçotu maraqlı və geniş profilli sahədir və tam əminliklə deyə bilərik ki, müəssisənin döyünən ürəyidir. Çünki biznes qərarların verilməsi üçün lazım olan bütün lazımi informasiyalar burada yığılır. Uçot və müvafiq hesabatlar əsasən üç hissəyə bölünür: Maliyyə uçotu, idarəetmə uçotu və vergi uçotu. Maliyyə uçotu kənar istifadəçilər (məsələn: Banklar, səhmdarlar, məhsulgöndərənlər, müştərilər, yeni iş təklifi almış top menecerlər və s.), idarəetmə uçotu müəssiə daxili istifadəçilər (baş direktor, maliyyə direktoru, marketoloqlar, satış müdirləri, mühəndis-smetaçılar və s), vergi uçotu da adından göründüyü kimi müvafiq dövlət qurumu üçün müvafiq məlumatları açıqlamaq üçün istifadə edilir.

-İsmayıl bəy Siz qeyd etdiniz ki, top menecerlər, məhsul göndərənlər və müştərilərə də maliyyə hesabatları təqdim olunur, bu nə ilə bağlıdır?

-Müştərilər müəssisənin maliyyə hesabatlarını analiz edərək onun müflisləşmə riskinin olub olmamasını və yaxud lazımi miqdarda məhsulla təhciz edə bilib-bilməyəcəyini yoxlamaq üçün istifadə edirlər. Daha konkret desək təhcizat zəncirində hər hansı problemin mövcud ola biləcəyini əvvəlcədən müəyyən etmək üçün hesabatlar təhlil olunur. O ki, qaldı məhsul göndərənlərə, onlar maliyyə hesabatı təqdim edən müştərinin ödəniş qabiliyyətinin hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün hesabatları istifadə edə bilərlər. Top menecerlər isə iş təklifi alarkən gələcəkdə işləyəcəyi müəssisəni tanımaq, iş həcminə təxmini bələd olmaq və müəssisənin faəliyyətinin davamlı olub olmamasını analiz etmək üçün istifadə olunur.

-Sizcə ölkədə maliyyə və mühasibatlıqla bağlı təhsilin keyfiyyətini necə dəyərləndirmək olar ?

-Düzdür son 5 ilə qədər təhsilin səviyyəsində ciddi problemlər var idi. Lakin son dövrlərdə ölkədəki ali təhsil müəssisələrində təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Qeyd etmək lazımdır ki, özünü professional maliyyəçi və mühasib kimi yetişdirmək istəyən şəxs öz üzərində daima işləməlidir. Özünü təkminləşdirmək üçün əlavə vasitələrdən də istifadə etməlidir.

-Əlavə vasitələr dedikdə siz nəyi nəzərdə tutursunuz ?

-Peşəkar mühasib və auditorlar üçün ACCA, CİMA, CPA, daxili auditorlar üçün CİA, investisiya və maliyyə analitikləri üçün CFA, risk peşəkarları üçün FRM kvalifikasiyları üzrə təhsil olduqca əhəmiyyətlidir.

-Sizcə sadaladığınız kvalifikasiyaların verdiyi bilikləri yerli bazarda tətbiq etmək nə qədər mümkündür və bu biliklər sahibkarlar tərəfindən nə dərəcədə qiymətləndirilir ?

-Belə ki, ölkə başçısının birbaşa təşəbbüskarı olduğu strateji yol xəritəsində alternativ maliyyələşmə mənbələrinin, daha dəqiq desək kapital bazarlarının inkişafına xüsusi önəm verilir. Kapital bazarlarının inkişafı üçün ən vacib amillərdən biri müəssisələrdə Beynəlxalq Mühasibat Uçotu Standartlarına cavab verən maliyyə hesabatlarının (Gəlir və Xərc və sair məcmu gəlirlər, maliyyə vəziyyəti barədə hesabat, pul vəsaitlərinin hərəkəti, kapitalda baş verən dəyişikliklər barədə hesabat və qeydlər) tam şəffaf və düzgün şəkildə hazırlanması və təqdim olunmasıdır. Bu cür hesabatların hazırlanması və reytinqli beynəlxalq audit şirkətindən müsbət rəy alınması üçün Beynəlxalq Mühasibat Uçotu Standartları barədə müfəssəl biliklərə sahib olmaq lazımdır. Bunun üçün ACCA kvalifikasiyası əvəzsizdir.

-Bəs idarəetmə uçotunun effektiv təşkili ilə bağlı hansı bilik və bacarıqların olması zəruridir?

-Ölkə rəhbərliyinin əsas prioritetlərindən biri rəqabət qabiliyyətli istehsal müəssisələrinin yaranması və ixrac potensialının artırılmasdır. Bunun üçün maya dəyəri aşağı lakin yüksək keyfiyyətli məhsulla dünya bazarına çıxmaq əsas məqsədlərdən biri kimi ortaya çıxır. Xərclərə nəzarətin effektiv şəkildə həyata keçrilməsi, məhsulun maya dəyərinin daima optimal səviyyədə saxlanılması, büdcə və planlama işlərinin həyata keçirilməsi, dövriyyə vəsaitlərinin effektiv idarə edilməsi məsələləri bu tip istehsal müəssisələrində əsas prioritetlərdən hesab olunur. Bu zaman CİMA kvalifikasiyası həmin mütəxəssislər üçün dəyərli mənbə ola bilər.

-Bəs bank-şirkət əlaqələrində maliyyə hesabatları ilə bağlı hansı məqamlar nəzərə alınmalıdır ?

-Yerli banklarda risklərin idarə edilməsi departamenti var, lakin əksəriyyətində bu departament formal olaraq fəaliyyət göstərir. Həmin departamentlərə kifayət qədər səlahiyyətin verilməsi və əməkdaşlarının xüsusi beynəlxalq təlimlərə (Məsələn:FRM) cəlb edilməsi olduqca vacibdir. Çünki risk departamenti bankın əsas özəyi, banklar isə iqtisadiyyatın şah damarıdır. Bundan əlavə banklar müəssiələri kreditləşdirmək üçün müvafiq kredit risklərini qiymətləndirməlidir. Bunun üçün onlara düzgün və şəffaf şəkildə tərtib olunmuş məlumat lazımdır. Bəzən banklar öz risklərini qiymətləndirməkdə çətinlik çəkirlər, çünki nə normal hesabat nə də həmin hesabatlarla bağlı sualları verməyə mütəxəssis tapa bilirlər. Nəticədə biznes kreditləşməsi ləngiyir və ya ümumiyyətlə alınmır. Yekunda zərər çəkən isə ölkə iqtisadiyyatı olur. Bunun üçün müəssisənin idarəetmə və maliyyə uçotuna cavabdeh şöbələr öz işini bilən peşəkarlardan təşkil edilməlidir.

-Təşəkkür edirəm İsmayıl bəy.

Mənbə: http://marja.az/news/33676


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.