Nazirlik rəsmisi: Vergi qanunvericiliyinə dəyişikliklər ölkədə maliyyə bazarlarının inkişafını sürətləndirə bilər2018-12-13 | İqtisadiyyat | 2268"Vergi qanunvericiliyinə edilən dəyişikliklər, ümumilikdə, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir". "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun İqtisadi təhlil və ekspertiza Departamentinin baş direktoru Natiq Şirinov deyib. "Dövlət 7 il müddətinə gəlir vergisi üzrə öz fiskal daxilolmalarının əhəmiyyətli hissəsindən imtina etsə də, aparılan islahatların ölkə iqtisadiyyatı üçün birbaşa və dolayı şəkildə müsbət multiplikativ effekti proqnozlaşdırılır. Qeyd etdiyim kimi, islahatlar rəsmiləşən iş yerləri və əməkhaqqı üzrə toplanan sosial sığorta haqlarının artmasına imkan verəcək. Pensiya kapitalının həcminin artması pensiya sisteminin yığım hissəsində daha çox vəsaitin cəmləşməsini, vəsaitlərin uzunmüddətli investisiyaların mühüm mənbəyinə çevrilməsini, ölkədə maliyyə bazarlarının inkişafını sürətləndirə bilər. Pensiya sisteminin maliyyə dayanıqlığının güclənməsi Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindən asılılığının azalması və tədricən neytrallaşması ilə nəticələnməlidir", - deyə o qeyd edib. Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda qeyri-leqal əmək haqqı nağd şəkildə verildiyindən iş yerlərinin rəsmiləşdirilməsi ölkə iqtisadiyyatında nağdlaşma səviyyəsinin aşağı düşməsinə, bank sektoruna qeyri-nağd pul axınlarının çoxalmasına imkan yaradacaq. "Bununla yanaşı, əhalinin leqal və daha yüksək əməkhaqqı ilə banklardan kredit almaq imkanlarının genişlənməsi, nəticədə bank kreditlərinin həcminin böyüməsi və bunun iqtisadi artıma, məşğulluğa və inklüziv, yəni cəmiyyətdə hər kəsi əhatə edən inkişafa müsbət təsiri qaçılmazdır. Qeyri-neft-qaz sektorunun özəl bölməsində işəgötürənlərin əmək xərclərinin azalması investorlar üçün ölkə iqtisadiyyatını daha cəlbedici etməklə investisiyaların həcminə və iqtisadi artıma müsbət təsir göstərəcək", - deyə Nazirlik rəsmisi əlavə edib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.