e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Səyyar vergi yoxlamalarının aparılması qaydalarında dəyişikliklər edilib

2018-12-17 | Vergilər | 3358

Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Məcəllənin 130.1.1- ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən az biri olmadıqda:

58.8.1-ci maddədə göstərilir ki, pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

58.8.2-ci maddəyə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış mallann dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında;

58.8.3-cü maddəyə əsasən, qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə sənədlərlə rəsmiləşdirilməyən xərclərin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası verilir.

Səyyar vergi yoxlamaları ilə bağlı dəyişikliklərə münasibət bildirən iqtisadçı ekspert Qalib Toğrulun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklərdə yol vergisi üzrə də "digər vergilər" kimi səyyar vergi yoxlaması həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə etməsi təklif olunur. Burada fərq ondadır ki, hazırda yol vergisi üzrə səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri kimi vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini əhatə edir.

İnventarizasiyanın aparılmasına əsas verən halların sırasına, aksiz markaları ilə bağlı tələbləri nəzərdə tutan bəndə yeni hallar təklif edilir: "Məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə səyyar yoxlama təyin oluna bilər.

Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) ilə bağlı bəndə də əlavə təklif edilir. Hazırda səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək (ancaq 9 aydan çox olmamaq şərtilə) yoxlama dayandırılır. Yanvarın 1-dən dayandırmaya əsas kimi vergi və ya maliyyə məsələləri üzrə məsul şəxsin əmək qabiliyyətini müvəqqəti itirməsi halı da əlavə olunacaq.

Hazırda Vergi Məcəlləsinin tələblərinə görə, sənədlərin və nümunə kimi əşyaların gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00 qədər olan müddətə) götürülməsinə yol verilmir. Dəyişikliklərdə təklif olunur ki, bu bənd ləğv olunsun, əvəzinə "Sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür" yazılsın.

Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması ilə bağlı mühüm dəyişikliklər təklif olunur. Hazırda qüvvədə olan qanuna əsasən, vergi orqanının rəhbəri və ya onun müavini 10 gün müddətində aşağıdakı qərarlardan birini çıxarır:

  • vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
  • vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;
  • əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında.

Dəyişikliklərdə bu siyahıya daha 3 qərar artırmaq təklif olunur:

  • əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması;
  • əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi;
  • yeni qərarın qəbul edilməsi.

Yeni əlavə olunmuş 3 qərardan birinin çıxarılması yalnız növbədənkənar səyyar vergi yoxlamasına münasibətdə tətbiq oluna bilər.

Yanvarın 1-dən səyyar vergi yoxlaması zamanı maliyyə sanksiyaları tətbiq olunan halların sayı da artırılacaq. Bu hallara "qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda" və "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları olmadıqda" aiddir.

Sanksiyaların məbləğində də dəyişikliklərin edilməsi təklif olunur: pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 10 (hazırda 5) faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 (hazırda 10) faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Burada digər bir dəyişiklik "il ərzində" ifadəsinin "təqvim ili ərzində" ifadəsilə əvəz olunmasıdır.

FƏXRİYYƏ

Mənbə: http://vergiler.az/art-view/7697/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.