DSMF-ə təqdim edilən hesabatların taleyi məlum oldu - RƏSMİ2018-12-27 | Vergilər | 3895Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərovla müsahibə. - Xəqani müəllim, vergi orqanlarının apardıqları yoxlamaların sayının azalması vergidən yayınma hallarının qarşısının alınması ilə bağlı tədbirlərin effektivliyinə necə təsir göstərir? - Vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri vergidən yayınma hallarının qarşısını almaq, vergi ödəyicilərinin vergi öhdəliklərini tam və vaxtında yerinə yetirilməsi üzərində nəzarəti təmin etməkdir. Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergidən yayınma hallarına son qoyulması, bu sahədə qətiyyətli tədbirlərin görülməsi və şəffaflığın təmin edilməsi, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi ilə bağlı vergi orqanlarına mühüm tapşırıqlar verib. Məlum olduğu kimi, Vergilər Nazirliyi 2018-ci ili «kölgə iqtisadiyyatı»ndan şəffaf iqtisadiyyata keçid ili kimi qəbul edib. Artıq sonuna çatdığımız il sahibkarlıq subyektlərinə malların sənədsiz dövriyyəsinin aradan qaldırılması, gəlir və xərclərin uçotunun rəsmiləşdirilməsi, dövriyyələrin şəffaflaşdırılması, yol verilən vergidən yayınma sxemlərinin ləğv edilməsi və şəffaf fəaliyyətə keçid dövrü idi. Vergi orqanları, bu sahədə ilk addım ataraq vergi yoxlamalarının sayını azaldıb, funksional idarəetmənin səmərəliliyinin artırılması üçün struktur və kadr dəyişiklikləri aparıb. Əsas yanaşma budur ki, vergi orqanları sahibkarlarla münasibətlərini təzə və təmiz səhifədən başlamalıdırlar. Təbii ki, bu, müəyyən hazırlıq tələb edir. Bu hazırlıq vergi orqanları üçün öz strukturunu və iş metodlarını dəyişməkdirsə, sahibkar üçün mövcud çatışmazlıqları aradan qaldırmaqdır. - Bu mövqe biznes ictimaiyyəti tərəfindən necə qarşılandı? - Bütövlükdə vergi orqanlarının bu çağırışları işgüzar dairələrdə müsbət qarşılanıb. Bu çağırışları qəbul edib, öz uçot sistemini diaqnostika edərək fəaliyyətini şəffaflaşdıran sahibkarlar da olub, keçid ilində «yoxlamalar yoxdur» deyərək əvvəlkindən daha sərbəst şəkildə qanunları pozmaq və vergidən yayınmaq istəyənlər də. Təbii ki, bu çağırışların hamı tərəfindən eyni cür qəbul ediləcəyini gözləmirdik. Keçid ilinin mahiyyəti o demək deyildir ki, həmin ildə sahibkarlar qanunu istədikləri kimi poza bilərlər. Əksinə, riskli sahələrdə vergi nəzarəti tədbirlərini daha da gücləndirmişik. Məsələn, alkoqollu içkilərin istehsalı və aksizsiz tütün məmulatlarının dövriyyəsinə qarşı mübarizə tədbirlərini göstərmək olar. Əgər ilin əvvəlində daxili bazarda qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatlarının həcmi 16-18 faiz təşkil edirdisə, görülən tədbirlər nəticəsində bu gün həmin rəqəm 3,5 faizə düşüb. Bundan başqa, bu il avqustun 1-dən alkoqollu içkilərin istehsalı ilə məşğul olan əsas müəssisələrdə aksiz postları qurularkən məlum oldu ki, tünd içkilərin istehsalının həcmi 5 dəfəyədək azaldılırmış. Qeyd edim ki, bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalı, saxta aksiz markalarından istifadə və aksiz markası olmadan məhsul istehsalı və s. kimi hallar çox geniş yayılmışdı. Aparılan tədbirlər nəticəsində məhsulların dövriyyəsinin şəffaflaşması, aksizlərdən düzgün istifadə edilməsi istiqamətində ciddi dönüş yaranıb. Lakin təəssüflə qeyd edirəm ki, bu cür qanun pozuntuları digər sahələrdə də mövcuddur. - Xəqani müəllim, Vergilər Nazirliyinin özəl tibb müəssisələrində vergi yoxlamaları apardığı bildirilirdi. Bu yoxlamaların ilkin nəticələri barədə məlumat verə bilərsinizmi? - Vergilər Nazirliyi bu ilin may-iyun aylarında pullu səhiyyə xidmətləri göstərən bir sıra iri müəssisələrin rəhbərlərini vergi orqanlarına dəvət edərək görüşlər keçirib, onlara qanunvericiliyin tələbləri, həmçinin fəaliyyətin şəffaflaşdırılması tələbləri ətraflı izah edilib. Buna baxmayaraq, aparılan təhlillər göstərir ki, ötən dövr ərzində bu müəssisələrin əksəriyyətində dövriyyələrin artması müşahidə olunmayıb. Mövcud rəqəmsal texnologiyalardan istifadə edilməklə bəyannamələrin və əlaqəli məlumatların geniş təhlili nəticəsində həmin müəssisələrdə vergidən yayınma risklərinin yüksək olduğu müəyyən edilib. Göstərilənləri nəzərə alaraq, Vergilər Nazirliyi noyabr ayında özəl tibb müəssisələrində vergi nəzarəti tədbirləri həyata keçirib. Tədbirlər zamanı vergidən yayınma halları, lisenziyalaşdırma məsələləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi məsələləri araşdırılıb, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, əmək müqavilələrinin bağlanması vəziyyəti yoxlanılıb. Eyni zamanda, müəssisələrin real dövriyyələrinin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələr aparılıb. Vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş qara mühasibat sənədləri və elektron fayllar əsasında yayındırılmış dövriyyə məbləğləri və ödənilmiş real əməkhaqqı məbləğləri müəyyənləşdirilib. İlkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77 faizində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 51 faizində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61 faizində pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib. Xronometraj metodu ilə müşahidə yekunlaşdırılmış obyektlər üzrə 2018-ci ilin 9 ayı üzrə cari bəyannamədə göstərilən orta günlük dövriyyə məbləği 2,4 dəfədən çox artıb. Əldə edilmiş sənədlər üzrə aparılmış təhlillər zamanı əvvəlki dövriyyələrin 3,2 dəfə və ya təxminən 231 milyon manata yaxın vəsaitin gizlədildiyi aşkar edilib. Əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilmiş 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7,6 dəfə az əks olunduğu müəyyən edilib. Bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat olduğu təsdiqlənib. Bundan başqa, xəstəxanalardan müayinə üçün göndərilən həkimlərə xəstə tərəfindən ödənilən məbləğlərdən müəyyən faiz şəklində vəsaitlərin ödənildiyi halları da aşkar edilib. Məlum olub ki, bəzi klinikalarda tanınmış həkimlərin gəlirləri əməliyyatdan daxil olmuş məbləğlərin 50-70 faizini əhatə edir. Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib. - Yoxlamalar davam edirmi? - Vergilər Nazirliyi özəl tibb müəssisələrində vergi qanunvericiliyinə əməl olunması ilə bağlı araşdırmaları davam etdirir və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd etmək istərdim ki, əgər kimsə əməkdaşlıq münasibətlərinin nəticə etibarilə vergi nəzarətinin zəifləməsinə gətirəcəyini güman edirsə, kökündən yanılır. Bu, tamamilə yanlış fikirdir. Vergilər Nazirliyi yoxlamaların sayını kəmiyyətcə azalda bilər, lakin bu, nəzarət sisteminin zəifləməsi demək deyil. Vergi yoxlamaları məsafədən, vergi risklərinin idarə edilməsi sistemi kimi innovativ alətlərin tətbiqi ilə həyata keçirilir. Mövcud informasiya texnologiyaları müəssisələrin fəaliyyətində vergidən yayınma hallarını və ya belə halların yaranması üçün hər hansı riskin mövcudluğunu aşkar etməyə imkan verir. Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil. Lakin fəaliyyət növündən, iqtisadiyyatı əhatə miqyasından asılı olmayaraq qanunu pozan, dövriyyəsini gizlədən, vergidən yayınan hər bir vergi ödəyicisinin yoxlanılması, qanunla nəzərdə tutulmuş qaydada sanksiyalarla üzləşməsi qaçılmazdır. Sahibkarlıq subyektlərinin nəzərinə çatdırmaq istərdik ki, təsərrüfat subyektlərinin fəaliyyətində qanunvericiliyin düzgün tətbiqi, işə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin bağlanması, əməkhaqlarının real məbləğlərinin göstərilməsi, vergi və xüsusi razılıq tələb edən sahələrdə qanunvericiliyin tələblərinə əməl edilməsi zəruridir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.