Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə məlumat forması (topdan və lizinq)2019-01-04 | Vergilər | 3794Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə MƏLUMAT FORMASI (LİZİNQ)
Hörmətli vergi ödəyicisi! “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən 1 yanvar 2019-cu il tarixdən maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Eyni zamanda maliyyə lizinqinin obyekti qismində əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlaklar iştirak edir. Bununla əlaqədar olaraq 1 yanvar 2019-cu il tarixədək bağlanmış və predmeti əsas vəsait olmayan maliyyə lizinqi müqavilələri barədə məlumatların məlumat formasına əlavə edilmiş qoşmada tam və düzgün doldurularaq 15 yanvar 2019-cu il tarixdən gec olmayaraq vergi orqanına təqdim edilməsi Sizə bildirilir. 2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri barədə məlumat formasını qeydiyyatda olduğunuz vergi orqanına təqdim etdiyiniz təqdirdə həmin müqavilələr üzrə həyata keçirilən əməliyyatlara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinin 2019-cu il yanvarın 1-dək qüvvədə olan redaksiyası tətbiq edilir. Bu məlumat formasına əlavə edilmiş qoşmadakı məlumatlar elektron kargüzarlıq vasitəsi ilə elektron sənəd formasında təqdim olunmalıdır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə MƏLUMAT FORMASI (TOPDAN)
Hörmətli vergi ödəyicisi! “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv edilmişdir. Qeyd olunan dəyişikliklərlə əlaqədar olaraq 1 yanvar 2019-cuil tarixədək sahibliyinizdə qalan malların növbəti ildən etibarən təqdim edilməsi zamanı ƏDV-nin malların satış qiyməti ilə alış qiyməti arasındakı fərqdən hesablanması məqsədilə həmin mallar barədə məlumatların məlumat formasına əlavə edilmiş qoşmada tam və düzgün doldurularaq 15 yanvar 2019-cu il tarixdən gec olmayaraq vergi orqanına təqdim edilməsi Sizə bildirilir. Bu məlumatlar Sizin tərəfinizdən bir dəfə təqdim edilir və təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində düzəlişlərin edilməsi mümkündür. Bu müddət bitdikdən sonra məlumatların dəqiqləşdirilməsinə yol verilmir. Məlumat forması tərəfinizdən təqdim olunduğu təqdirdə sahibliyinizdə qalan malların təqdim edilməsi zamanı ƏDV 2019-cu il aprelin 1-dək həmin malların alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən hesablanır. Sizin tərəfinizdən təqdim edilən məlumatlar malların uçota alınmasını təsdiq edən ilkin uçot sənədi hesab edilir və həmin mallara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci və 58.8.3-cü maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilmir. Bu məlumat formasına əlavə edilmiş qoşmadakıməlumatlar elektron kargüzarlıq vasitəsi ilə elektron sənəd formasında təqdim olunmalıdır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Azərbaycan Respublikası Vergilər Nazirliyi Mənbə: http://www.taxes.gov.az/modul.php?name=pages&page=268 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.