e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmək müqaviləsi ilə işləyənlərin vergi və sığorta öhdəliyi

2019-01-04 | Kadr işi | 3261

Vergi Məcəlləsində edilmiş dəyişikliklər arasında vergi və sığorta qanunvericiliyi ilə bağlı maddələr də var. Ən çox maraq kəsb edən məsələlərdən biri əmək müqaviləsi ilə muzdla işləyən fiziki şəxslərin gəlir vergisi və sığorta ödənişlərindəki dəyişikliklərdir.

Mütəxəssisin fikrincə...

Vergi üzrə mütəxəssis Emin Səttarov bildirib ki, fiziki şəxslərin gəlir vergilərində dəyişiklikləri iki hissəyə bölmək olar: "Birincisi, növbəti ildən gəlir vergisinə cəlb edilməyən hissə 173 manatdan 200 manata qaldırılır: bu, dövlət və qeyri-dövlət, neft və qeyri-neft bölməsindən asılı olmayaraq, bütün sahələrdə çalışanlara şamil olunacaq. İkincisi, gələn ildən qeyri-neft qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində muzdla işləyənlər (yəni əmək müqaviləsi ilə çalışanlar) aylıq qazancları 8.000 manata qədər olarsa, gəlir vergisi ödəməkdən azad edilir. 8.000 manatdan yuxarı olduqda isə 8.000 manatdan çox olan məbləğin 14 faizini ödəyəcək. Bu dəyişiklik dövlət bölməsinə şamil olunmur və növbəti 7 ildə qüvvədə olacaq".

Qeyd olunub ki, muzdla işləyənlərin (əmək müqaviləsi ilə çalışanların ) sosial-sığorta haqqı - aylıq gəlirləri 200 manata qədər olduqda, əvvəlki kimi, işçi üçün 3 faiz, işəgötürən üçün isə 22 faiz olaraq qalır. Yalnız qeyri-neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində çalışanların aylıq gəliri 200 manatdan çox olduqda isə işçi 6 manat və 200 manatdan çox olan məbləğin 10 faizi, işəgötürən isə 44 manat və 200 manatdan çox olan hissənin 15 faizini sosial sığorta ayırması kimi ödəyəcəkdir.

Mütəxəssis bildirib ki, bununla da sahibkarın vergi və sığorta ödənişi, işçinin isə dövlət qarşısında sosial yükü azalmış olacaq: "Gələn ildən istər fiziki şəxs, istərsə də sahibkar olsun, öz əmək münasibətlərini müqavilə ilə rəsmiləşdirsələr, qeyri-leqal əməkhaqqı sistemindən uzaq dursalar, bu, onlar üçün faydalı olacaq, əks halda, ciddi sanksiyaya məruz qala bilərlər".

İqtisadçı rəyi...

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsini həm də iqtisadi islahatlar büdcəsi adlandırmaq olar: "Büdcə zərfinə əlavə edilmiş sənədlər toplusunda növbəti ildə ölkənin vergi sistemində və digər sahələrdə əsaslı islahatların aparılması nəzərdə tutulub. Təbii ki, iş adamlarının və biznes aləminin maraqlarını yüksək səviyyədə təmin edəcək vergi islahatları ölkə iqtisadiyyatının real sektorunun inkişafında inqilabi dönüşün baş verməsinə, "kölgə iqtisadiyyatı"nın leqallaşdırılmasına hesablanıb. Hökumət biznesin və muzdla çalışanların vergi yükünü 30-35 faiz azaltmaqla büdcə gəlirlərində müəyyən azalmalara yol versə də, əvəzində qeyri-neft sektorunun sürətli inkişafına, bir sıra neqativ halların aradan qaldırılmasına çalışır və bu yolla dövlətin xəzinəsinə daxilolmaların xeyli artacağına inanır. Bir sözlə, haqqında danışdığımız islahatlar həm biznesə, həm sadə vətəndaşlara, həm də dövlətə mühüm dividendlər gətirən bir iqtisadi strategiyadır".

Misal:

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində (məsələn,ticarətdə) əmək müqaviləsi ilə muzdla çalışan şəxs 500 manat maaş alırsa, o, gələn ildən gəlir vergisi ödəməkdən azad olunacaq, amma 36 manat (6 manat + 300 manatın 10 faizi), onu işə götürən isə işçiyə görə 89 manat (44 manat + 300 manat- dan 15 faizi) sosial sığorta ödənişi edəcək.

Fəxriyyə İKRAMQIZI

Mənbə: http://vergiler.az/art-view/7746/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.