Əsas vəsaitlərin vergi uçotunun mühasibat uçotu ilə uzlaşdırılması2019-01-31 | Mühasibat uçotu | 4035Hazırda ölkəmizdə mühasibat uçotu sahəsində beynəlxalq standartlara keçid dövrü gedir. Bu proses heç də asan olmur və buna görə də çoxlu sualların yaranması təbiidir. Ən başlıca məsələ isə vergi uçotunun həmin standartlara uyğunlaşdırılmasıdır. Buna dair bir çox məsələlər uçot subyektləri tərəfindən aradan qaldırılmalıdır. Mövzunu şərh edən iqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, ölkəmizin vergi qanunvericiliyinə əsasən, istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan maddi aktivlər əsas vəsait kimi tanınır. Bir çox mühasiblər bunu düzgün anlamırlar, çünki bu tanınma meyarı vergi uçotu məqsədləri üçündür. Mühasibat uçotunun tanınma meyarında məbləğ həddi (yəni 500 manat) mövcud deyil. Üstəlik də mühasibat standartları meyarlar üzrə əsas vəsaitin istifadəsinin subyekt üçün iqtisadi faydasının olmasını tələb edir. Beləliklə, hazırda əsas vəsaitlərin uçotu sahəsində mühasibat standartları ilə vergi uçotu arasında fərqlərin olması bir çoxlarını narahat edir. Ancaq əslində belə bir uzlaşmanın aparılması yolları var və onlar bir-biri ilə ziddiyyət təşkil etmir. Hazırda bir çox subyektlər mühasibat standartları meyarlarına cavab verən əsas vəsaitlərin dəyəri 500 manatdan az olduqda bunu birbaşa olaraq xərcə silir və uçotunu təmin etmir. Bəzi subyektlər isə daha düzgün olmayan addım atırlar: onlar bu cür aktivləri ehtiyat kimi tanıyırlar və istifadəyə verirlər. Əvvəllər azqiymətli və tezköhnələn əşyaların xüsusi qaydada uçotu aparılırdı. Məsələn, istifadəyə verildikdə 50 faiz amortizasiya hesablanır, qalan hissə isə uçotdan silinəndə xərcə aid edilirdi. Lakin hazırda bu cür anlayış nə vergi uçotunda, nə də mühasibat uçotunda var. Bəs əslində necə olmalıdır? Təsərrüfat subyektinin mühasibat sistemi əsas vəsait meyarlarına cavab verən bütün aktivləri elə əsas vəsait kimi tanımalıdır. Dəyəri 500 manat və az olduqda dəyər xərcə silinməli və mühasibat məqsədləri üçün əsas vəsait kimi sıfır dəyəri ilə uçotu təmin olunmalı, tam sıradan çıxana kimi isə hərəkətinə nəzarət edilməlidir. Bu aktivlərin uçotu sub-hesabda aparılmalıdır və onun göstəriciləri vergi hesabatlarında öz əksini tapmamalıdır. Digər ciddi məsələ isə tam amortizasiya olunmuş əsas vəsaitlərin uçotu ilə bağlıdır. Bir çoxları əsas vəsaitlər işlək vəziyyətdə ola-ola, qalıq dəyəri olmadığı üçün onları uçotdan silirlər. Bu isə yolverilməzdir. Mühasibat uçotu bütün aktivlərin uçotda saxlanmasını tələb edir və əsas vəsaitin qalıq dəyərinin olmaması onun uçotdan kənarlaşdırılmasına əsas vermir. Fəxriyyə İKRAMQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.