e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İnvestisiya təşviqi sənədi ləğv edildikdə...

2019-02-04 | Vergilər | 2433

İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

Bu güzəştlərə aiddir:

  • mənfəət və ya gəlir vergisinin 50 faizindən 7 il müddətinə azadolma;
  • torpaq və əmlak vergisindən 7 il müddətinə tam azadolma;
  • layihə çərçivəsində xaricdən idxal edilən texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən 7 il müddətinə tam azadolma.

Ötən il oktyabrın 1-dək 273 sahibkara (242 hüquqi şəxs, 31 fərdi sahibkar) 309 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim olunmuş layihələrin reallaşması nəticəsində yerli istehsala 2 milyard 643 milyon manat həcmində investisiya yatırılacağı, 20 mindən çox yeni iş yerinin açılacağı planlaşdırılır. İnvestisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların güzəştli şərtlərlə idxalı üçün 242 sahibkarlıq subyektinə 1939 təsdiqedici sənəd təqdim edilib. İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə qanunla müəyyən olunmuş qaydada investisiya təşviqi sənədi ləğv edildikdə vergi güzəşti və azadolması tətbiq edilmiş gəlirlərə və əmlaka görə vergilərin hesablanması maraq doğuran məsələlərdəndir.

Məlum olduğu kimi, investisiya təşviqi sənədi əldə etməklə investisiya layihəsi üzrə fəaliyyət göstərən şəxslərə Vergi Məcəlləsində əhəmiyyətli vergi güzəştləri nəzərdə tutulub. Buna görə də vergi güzəştlərindən səmərəli istifadə olunması və sui-istifadə hallarına yol verilməməsi məqsədilə investisiya layihəsi üzrə nəzərdə tutulan şərtlər yerinə yetirilmədikdə, vergi öhdəliklərinin hesablanması mexanizminin qanunda təsbit edilməsinə zərurət yaranıb.

Vergi Məcəlləsinə əlavə edilmiş yeni maddəyə əsasən, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya olunmadıqda, habelə investisiya təşviqi sənədi ləğv edildikdə, investisiya layihəsinin icrasına başlandığı tarixdən vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə investisiya təşviqi sənədi verilmiş şəxslər vergilərin hesablanmasına və dövlət büdcəsinə ödənilməsinə borcludurlar.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/841.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.