Əməkhaqqının rəsmiləşdirilməsinin işəgötürən üçün əsas üstünlükləri2019-02-06 | Vergilər | 2379Vergi Məcəlləsində aparılan dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi tutulmayacaq. Gəlirin məbləği 8.000 manatdan çox olduğu halda, 8.000 manatdan yuxarı məbləğin 14 faizi miqdarında vergi tutulacaq. Həmin kateqoriya şəxslərdən verginin güzəştli qaydada tutulması 2019-cu il yanvarın 1-dən 7 il müddətinə qüvvədə olacaq. Bu dəyişiklik işəgötürən üçün hansı üstünlükləri yaradacaq? Sualı iqtisadçı Anar Bayramov aydınlaşdırır. Rəsmi əmək müqaviləsi işəgötürənin işçi axınının qarşısını alacaq İşçilərlə bağlanan əmək müqavilələrinin leqallaşdırılması nəticəsində tərəflər arasında münasibətlər artıq şifahı yox, rəsmi sənədlə tənzimlənəcək. İşəgötürən işçinin əmək funksiyasının və iş vaxtının düzgün uçotunu təşkil etməklə yanaşı, onun işinə daha məsuliyyətlə yanaşmasını təmin edəcək. İşçi rəsmi əmək müqaviləsinin müsbət təsirlərindən (əmək məzuniyyəti, maliyyə alətləri əldə etmək imkanı, müavinətlər və s.) faydalandığı üçün bu tip iş yerində daha uzunmüddətli çalışacaq ki, bu da işəgötürən üçün işçi axınının qarşısının alınmasına xidmət edəcək. İşçi ilə əmək müqavilələrinin rəsmiləşdirilməsi nəticəsində formalaşan əməkhaqqı fondunun xərcləri hesabına işəgötürənin hesabladığı mənfəət (gəlir) vergisinin azalması baş verəcək. Misal: 1.000 manat əməkhaqqının rəsmiləşdirilməsi nəticəsində vergi ödəyicisinin 1.000 manat əməkhaqqı xərci formalaşır. Bundan əlavə, əməkhaqqı fonduna hesablanan məcburi dövlət sosial ayırması və işsizlikdən sığorta haqqı kimi müvafiq olaraq 164 manat (44 manat + (1.000-800) x 15%) və 5 manat (1.000 manat x 0,5%) icbari ödənişlər yaranır. Vergi ödəyicisinin 1.000 manatlıq əməkhaqqı fonduna görə ümumi formalaşan xərci 1.169 (1.000+164+5) manat təşkil edəcək. Bu xərc maddəsi gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olduğu üçün yekunda işəgötürən 233,80 manat (1169 manat x 20%) gəlir (mənfəət) vergisi ödəməkdən azad olacaq. Dividend gəlirləri üzrə vergi güzəşti əldə ediləcək Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və ya səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azad edilir. Bu, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan vergi ödəyicilərinə şamil edilir. İşəgötürən ciddi maliyyə sanksiyalarından qorunacaq İşəgötürən əmək müqavilələrini rəsmiləşdirməklə böyük məbləğdə maliyyə sanksiyalarından azad olunur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bundan əlavə, əmək müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı cəza tədbirləri Cinayət Məcəlləsinin 162-1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Fəxriyyə İKRAMQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.