e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

"Vergilər. Şəffaflıq. İnkişaf" forumundan çıxışlar - YENİLƏNİR

2019-02-18 | Vergilər | 2858

İqtisadiyyat naziri: "İnanıram ki, Rəqabət Məcəlləsi tezliklə qəbul olunacaq"

"Rəqabət Məcəlləsi Milli Məclisdə III oxunuşda müzakirəyə hazırlanır. İnanıram ki, sənəd tezliklə qəbul olunacaq".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən "Vergilər, Şəffaflıq, İnkişaf" adlı forumunda sahibkarların həmin məcəllənin hələ də qəbul edilməməsi ilə bağlı narazılığına münasibət bildirərkən deyib.

Nazir onu da bildirib ki, iş adamlarının qaldırdıqları məsələlərin həlli yolları Vergilər Nazirliyi ilə birgə müzakirə edilib.

"Hesab edirəm ki, müasir innovativ həllər tətbiq etməklə bu problemləri aradan qaldırmaq olar. Mən burda çox danışmaq istəmirəm. Ona görə də bu məsələyə qısa toxundum. Əgər ətraflı danışsaydım, gərək 3 saat sizdən vaxt istəyim", - bildirib.

Vergilər naziri Mikayıl Cabbarov isə sahibkarların Azərbaycan məhkəmələrinin onların hüquqlarını müdafiə etməməsi ilə bağlı iddialarına münasibət bildirib və bunun doğru olmadığını deyib.

Vergilər naziri: "Dövlət-biznes münasibətlərində yeni bir mərhələnin başlandığını söyləyə bilərik"

"2018-ci ildə açıq bəyan etdiyimiz fəaliyyət prioritetlərimiz üzrə irəliləmişik. Bu gün dövlət-biznes münasibətlərində, daha doğrusu, onun vergitutma ilə bağlı olan seqmentində yeni bir mərhələnin başlandığını söyləyə bilərik. Yeni yanaşmaları ifadə edən çağırışları biznes cəmiyyəti ilə kifayət qədər aydın və açıq şəkildə müzakirə edə bilmişik".

Bu fikirləri vergilər naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı forumda çıxışında səsləndirib. Nazir əlavə edib ki, ötən il vergi sisteminin iqtisadi tənzimləmədə rolu əhəmiyyətli şəkildə artıb: "Vergilər artıq sadəcə bir fiskal siyasət aləti deyildir, o, iqtisadiyyatın inkişafını, biznesin idarə edilməsi şərtlərini müəyyən edən əsas iqtisadi idarəetmə vasitəsi olub. Vergi sistemində başlanan yeni islahatlar, vergi ödəyiciləri ilə aydın və şəffaf münasibətlərin qurulması istiqamətində sərgilənən yeni yanaşmalar işgüzar mühitdə böyük gözləntilər yaradıb. Bu gözləntiləri biz ötən il ərzində sahibkarlarla, onların ictimai birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə keçirdiyimiz çoxsaylı görüşlərdə aşkar hiss etdik".

Nazir şəffaf münasibətlər sisteminin qurulmasına da toxunub. Bildirib ki, 2018-ci il vergi sahəsində dövlət-biznes münasibətlərində keçid dövrü kimi qəbul olunub. Vergi orqanlarının strukturu yenidən qurulub, kadr heyətində əsaslı dəyişikliklər aparılıb. Vergi orqanlarında əvvəllər mövcud olan bəzi neqativ praktikalar aradan qaldırılıb. Vergi ödəyicilərinin rastlaşdığı problemlərin operativ həlli üçün apelyasiya sistemi yenidən qurulub, bu proses indi də davam edir.

Bulanıq suda balıq tutmaq zamanı bitib

2018-ci ildə "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması vergi xidməti üçün başlıca istiqamət olub. Uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib, geniş maarifləndirmə işi aparılıb. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı, tibbi xidmətlər sektoru, şəbəkə ticarəti kimi sahələrdə nəzarət tədbirləri artırılıb.

Forumdakı çıxışında bu sahədə görülən işlərdən danışan vergilər naziri Mikayıl Cabbarov mühüm mesajlar verib: "Uçot sisteminin bərpa edilməsi ilə bağlı tələblərimiz müəyyən müqavimətlə, bəzi hallarda narazılıqlarla qarşılandı. Kimsə bunu kampaniya xarakterli saydı, kimsə gözləməyə üstünlük verdi. Lakin nəticə etibarilə qəbul edildi. Çünki hər kəs başa düşdü ki, gec ya tez, qanunlar çərçivəsində işləməli olacaq. Artıq bulanıq suda balıq tutmaq zamanı bitib. Əminəm ki, hər kəsə aydındır – biznes münasibətlərinin şəffaflaşdırılması məsələsində geriyə yol yoxdur".

Nazir dövlətin və ya leqal biznesin hesabına qanunsuz gəlir əldə etmək istəyənlərin cəzasız qalmayacağını vurğulayıb. Onun sözlərinə görə, vergi orqanlarının ötən il ərzində iri topdansatış müəssisələri üzrə apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyələrin gizlədildiyi müəyyən edilib: "Bu, on milyonlarla manat vergilərin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir. Təsəvvür edin ki, bunlar yalnız vergi orqanlarının nəzarət tədbirlərinə cəlb edilmiş bəzi sektorlardakı vergi ödəyiciləri üzrədir. Bizim funksiyamız bütün bu dövriyyələrin aşkar edilərək vergitutmaya cəlb edilməsidir. Buna görə də 2018-ci ildə vergi xidməti bir sıra iqtisadi fəaliyyət sahələrində fiskalizasiya tədbirlərini və yeni nəzarət mexanizmlərini təmin etdi və bunun ilkin nəticələri də artıq vardır".

Mikayıl Cabbarov: "2018-ci ildə aktiv fəaliyyət göstərən hər 1000 ödəyicidən yalnız 4-də səyyar vergi yoxlaması aparılıb"

2019-cu ildə keyfiyyətli vergi auditi institutunun inkişafına çalışılacağını bildirən vergilər naziri Mikayıl Cabbarov qeyd edib ki, yoxlamaların sayı azalır və bu yoxlamaların risklərin idarə edilməsi sistemi əsasında müəyyən edilməsinə yönəlik yanaşma tətbiq olunur: "Bu gün sahibkarların vergi orqanları tərəfindən yoxlamaya məruz qalma səviyyəsi cüzidir. 2018-ci ildə aktiv fəaliyyət göstərən hər 1000 ödəyicidən yalnız 4-də səyyar vergi yoxlaması aparılıb. Bu, 0,4 faiz göstərici deməkdir. Kiçik sahibkarlıq subyektləri isə demək olar ki, yoxlamaya məruz qalmır".

Mikayıl Cabbarov: "Sahibkar vergi orqanı ilə təmas perspektivindən qorxmamalıdır"

"Vergilər. Şəffaflıq. İnkişaf" forumunda çıxış edən vergilər naziri Mikayıl Cabbarov bildirib ki, rəqəmsallaşma vergi inzibatçılığının effektivliyini artırır: "Bu bizə yeni vergiləri tətbiq etmədən və ya onları artırmadan böyük sayda vergi ödəyicilərindən vergi toplamağa imkan verir. İnnovativ texnologiyalar insan, biznes və dövlət arasında olan ənənəvi əlaqə üsullarını dağıdaraq yeni biznes modellər yaradır.

Məqsədimiz vergi ödəyicilərinə öz fəaliyyətində cəmlənməyə və vergi öhdəliklərini yerinə yetirməkdə daha məsuliyyətli olmağa kömək etməkdir. Vergi administrasiyası sahibkara yönümlü yanaşma nümayiş etdirməyə hazırdır. Bu kompleks bir fəaliyyətdir, vergi ödəyiciləri üçün komfortlu bir mühitin yaradılmasıdır. Bu siyasətin hədəfində hər şeydən öncə vergi ödəyicisi və vətəndaş məmnunluğu durur. Sahibkar vergi orqanı ilə təmas perspektivindən qorxmamalıdır".

Səfər Mehdiyev: "Uçot sisteminin qurulması ilə "kölgə iqtisadiyyatı"na ən böyük zərbəni vurduq"

"Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumda çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, vergi, gömrük sahəsində sahibkarları maraqlandıran bir çox məsələlərlə - şəffaflığın təmin olunması, uçotun aparılması, elektron idarəetmə sistemlərinin təkmilləşdirilməsi ilə bağlı coxsaylı müzakirələr aparılıb: “İlk növbədə uçotun təşkili ilə bağlı ötən il çox ciddi layihələr həyata keçirdik. Cənab Prezidentin bu sahədə vermiş olduğu sərəncama uyğun olaraq, sahibkarlarımıza münbit şəraitin yaradılması ilə yanaşı, uçotun qurulması və elektron uçot sisteminin onlayn şəkildə Vergilər Nazirliyi və Gömrük Komitəsi arasında inteqrasiyasına nail olduq. Nəticədə ticarət dövriyyəsinin artımına nail olmaqla yanaşı, uçot sisteminin qurulması ilə "kölgə iqtisadiyyatı"na ən böyük zərbəni vurduq. Malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və idarə edilməsi, “kölgə iqtisadiyyatı” ilə bağlı köklü islahatlar nəticəsində 1 milyard manatdan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olundu. Bütün bu uğurların kökündə şəffaflıq dayanır".

Şahin Mustafayev: "Son bir ildə vergi ödəyiciləri ilə mütərəqqi işgüzar münasibətlər formalaşdırılıb"

"Dövlət baçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, sahibkarlıq subyektlərində yoxlamalar, vergi yoxlamaları istisna olmaqla, 2020-ci ilədək dayandırılıb. Lisenziyalaşan fəaliyyət növlərinin və icazələrin sayı azaldılıb, prosedurlar sadələşdirilib, rüsumlar əhəmiyyətli dərəcədə aşağı salınıb. Bununla yanaşı, vergi, gömrük və sosial ödənişlər sistemində köklü və uğurlu islahatlara başlanılıb".

Bu fikirləri iqtisadiyyat naziri Şahin Mustafayev "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumdakı çıxışında bildirib. O qeyd edib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2018-ci ildə özəl bölmənin ümumi daxili məhsuldakı payı 84 faizə, məşğulluqdakı payı isə 76 faizə çatıb.

Nazir "Vergilər. Şəffaflıq. İnkişaf" forumununun keçirilməsini iqtisadiyyatın avanqardı olan sahibkarlığın inkişafı, dəstəklənməsi və stimullaşdırılması baxımından mühüm müzakirə platforması kimi dəyərləndirib. Onun sözlərinə görə, iqtisadiyyatda şəffaflığın təmin edilməsi və artırılması sahibkarlığın inkişafını şərtləndirən başlıca faktordur: "Həyata keçirilən islahatların əsas məqsədlərindən biri məhz dövlət tənzimləməsində şəffaflığın daha da artırılması yolu ilə sahibkarlara göstərilən xidmətin effektivliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır. Bu baxımdan, dünyada mütərəqqi Azərbaycan brendi kimi tanınan "ASAN xidmət" mərkəzlərinin uğurlu fəaliyyəti əvəzolunmaz bir modeldir. Şübhəsiz ki, bu kontekstdə iqtisadi sistemə adekvat vergi siyasətinin həyata keçirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın gücləndirilməsi, vergi partnyorluğunun genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi sistemində şəffaflığın artırılması, vergitutma obyektlərinin uçotunda sahibkarlıq subyektlərinin məsuliyyətinin yüksəldilməsi mühüm əhəmiyyətə malikdir".

Şahin Mustafayev vergi sistemində həyata keçirilən köklü islahatlardan danışaraq bildirib ki, vergi siyasəti iqtisadiyyatın daim dəyişən və yeniləşən tələblərinə, davamlı və sürətli inkişafına adekvat olaraq təkmilləşdirilir: "Son bir ildə vergi inzibatçılığı sahəsində ciddi və əsaslı islahatlar aparılıb. Vergi yükünün səmərəli tənzimlənməsi sahəsində əhəmiyyətli işlər görülüb. Vergi qanunvericiliyini təkmilləşdirməklə vergitutma optimallaşdırılıb, dövlət vergi orqanlarının fəaliyyəti daha da müasirləşdirilib, vergi ödəyiciləri ilə mütərəqqi işgüzar münasibətlər formalaşdırılıb, kadr potensialı və maddi-tekniki təminat gücləndirilib".

Ziyad Səmədzadə: "Bir ildə "kölgə iqtisadiyyatı"nın həcmi azalıb"

"Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib: "Biz "kölgə iqtisadiyyatı" haqqında həmişə danışmışıq. Amma bu problemi tam aradan qaldırmaq çətin olub. Çünki beynəlxalq təşkilatların nümayəndələrinin də qeyd etdiyi kimi, "kölgə iqtisadiyyatı" dünyanın əksər ölkələrində var. Amma "kölgə iqtisadiyyatı" Azərbaycan iqtisadiyyatının əsas göstəricilərinə çox böyük təsir edir".

Ziyad Səmədzadə qeyd edib ki, son bir ildə vergi və gömrük sisteminda aparılan islahatlar nəticəsində bu sahədəki problemlər də tədricən azalmağa başlayıb. Onun sözlərinə görə, bu, "kölgə iqtisadiyyatı"nda olan dövriyyənin həcminin azalmasında da özünün göstərir: "Azərbayacanda əmək ehtiyatları sürətlə artır. Bu artım özü zəruru edir ki, Azərbaycanın iqtisadi strategiyasında məşğulluq amili ön plana çəkilsin. Amma məşğulluq amilini hesablayanda görürük ki, ölkəmizdə cəmi 1,6 milyon muzdlu sistemdə çalışan əmək qabiliyyətli insan var. Bu rəqəmin getdikcə artırılması bizim qarşımızda duran ən mühüm vəzifələrdəndir. Biz bank və sığorta sistemini də, məşğulluq sistemini də yaxşılaşdırmalıyıq".

Ziyad Səmədzadə bildirib ki, həyata keçirilən islahatlara və yeni çağırışlara uyğun olaraq vergi orqanlarının, digər aidiyyəti qurumların fəallığı Azərbaycan iqtisadiyyatının inkişafı üçün geniş imkanlar açacaq.

«Onlar 230 milyon manatı vergidən yayındırmışdılar» - Mikayıl Cabbarov

Bakıda «Vergilər. Şəffaflıq. İnkişaf» mövzusunda forum keçirilir. FED.az xəbər verir ki, forumda hökumət nümayəndələri, xarici təşkilatların təmsilçiləri və iş adamları iştirak edir. Vergilər naziri Mikayıl Cabbarov tədbirdəki çıxışında bildirib ki, 2018-ci ildə aparılan nəzarət tədbirləri nəticəsində bəzi sahələrin böyük məbləğdə vəsaitləri vergidən yayındırdığı aşkarlanıb. Belə ki, təkcə ötən il klinikaların 230 milyon manat, şəbəkə marketlərinin isə 22 milyon manat vergidən yayındırdığı aşkar edilib.

Mənbə: https://vergiler.az/news/taxes/1054.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.