e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları təsdiq edilib.

2019-02-19 | Vergilər | 2810

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir.


Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun MEYARLARI

1. Ümumi müddəalar

1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-4-cü maddəsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.7-ci maddəsinə uyğun olaraq neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını (bundan sonra – Meyarlar) müəyyən edir.

1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Meyarlar

2.1. Neft-qaz sahəsində fəaliyyətə dair Meyarlar aşağıdakılar-dır:

2.1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə;

2.1.2. bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərən xarici və yerli subpodratçılar:

2.1.2.1. mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə;

2.1.2.2. il ərzində yeni yaradılacaq subpodratçılar üzrə – yeni yaradılan subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq). Növbəti ildən mövcud subpodratçı kimi bu Meyarların 2.1.2.1-ci yarımbəndində qeyd olunan meyar əsas götürülür.

2.2. Qeyri-dövlət sektoru – dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər.

Qərar ilə buradan tanış ola bilərsiniz

Mənbə: https://cabmin.gov.az/az/document/3449/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.