Səlim Müslümov: Azərbaycanda əmək kitabçalarının ləğvi prosesinə ilin sonunda başlanacaq2014-03-16 | Vergilər | 2491Azərbaycanda əmək kitabçalarının ləğvi prosesinə cari ilin sonundan başlanacaq. Trend-in məlumatına görə bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir qeyd edib: "Biz artıq əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin proqram təminatının hazırlanmasını başa çatdırmışıq. Yaxın vaxtlarda bu proqramın ictimaiyyət üçün təqdimatını keçirəcəyik. Bundan sonra onun tətbiqinə başlanacaq. Bu sistem tam şəkildə işləməyə başlayanda əmək kitabçaları öz funksional əhəmiyyətini itirəcək, çünki informasiyaların hamısı bu elektron məlumat bazasında olacaq". Azərbaycanda işəgötürənlər 2014-cü il iyulun 1-dək bütün qüvvədə olan əmək müqavilələri haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron məlumat sisteminə daxil etməlidirlər. Əks halda onları 7 mindən 10 min manatadək cərimə, yaxud üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Bu, Prezident İlham Əliyev tərəfindən fevralın 3-də təsdiqlənmiş Əmək Məcəlləsinə dəyişikliklər haqqında qanunda nəzərdə tutulub. Dəyişikliklərə görə, elektron bildiriş yalnız əmək müqaviləsi imzalandığı, eləcə də onun ləğv edildiyi halda bazaya daxil olmalıdır. Sistem tam işə salındıqdan sonra bildiriş bir gün ərzində qeydiyyata alınacaq. Bu yenilik həmin sahəyə nəzarət üçün elektron sistem yaratmağa imkan verəcək, qeyri-leqal məşğulluqla mübarizə aparmağa kömək edəcək. Bundan əlavə, sistem həm işçilər, həm də lazımi məlumatı tez əldə edə biləcək işəgötürənlər üçün rahat olacaq. Bu sistemin tətbiqi sosial sığorta üzrə vergilərin və daxilolmaların artmasına da təsir edəcək. Mənbə: http://www.trend.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.