Servitut: özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?2019-03-15 | Hüquq | 5473Servitut - mülkiyyətçinin sahibi olduğu əmlakının başqasına müəyyən hərəkətləri yerinə yetirmək və ya etməmək şərti ilə verilməsini təsdiq edən sənəddir. Özgəsinin daşınmaz əmlakından məhdud istifadə hüququnun rəsmiləşdirilməsi və ya ləğv edilməsi elektron şəkildə də yerinə yetirilir. Vətəndaşın bu sahədəki işi xeyli sadələşib. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, xidmətin həyata keçirilməsi üçün müşayət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd, notariat qaydasında təsdiq edilmiş servitut müqaviləsi, ərizə tələb olunur. Həmçinin dövlət və bələdiyyə orqanının əsasnaməsinin və nizamnaməsinin rekvizitləri, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi tələblər sırasındadır. Bu xidmət 3 iş günü ərzində yerinə yetirilir. 20 manat xidmət haqqı və 20 manat dövlət rüsumu tələb olunur. Ödəniş bank, onlayn şəkildə, terminallar vasitəsilə həyata keçirilir. Servitutun dövlət qeydiyyatının ləğv edilməsi üçün isə müşayət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd, servitut müqaviləsi tərəfinin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, məhkəmə qərarı əsas hesab olunur. Həmçinin daşınmaz əmlaka dair çıxarış, servitutun aradan qalxmasına dair sənədlər, servituta xitam verilməsi barədə notarial qaydada təsdiq edilmiş razılaşma və digər sənədlər tələb olunur. Bu xidmət də 3 iş günü ərzində yerinə yetirilir. 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu tələb olunur. Ödəniş bank, onlayn şəkildə, terminallar vasitəsilə həyata keçirilir. Komitədən bildirilib ki, daşınmaz əmlakın servitutla yüklülüyü həmin əmlakın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Bu əməliyyatları yerinə yetirmək üçün elektron qayda ilə yanaşı, vətəndaşlar Əmlak Xidmətləri Məkanına, komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edə bilərlər. Xidmətlərdən istifadə etmək üçün e-emdk.gov.az saytına daxil olmaqla 23-cü və 24-cü bölməni seçə bilərsiz. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.