Yeni struktur sahibkarların vergi problemlərinin həllinə ciddi yardım göstərəcək2019-04-09 | İqtisadiyyat | 2647“Bəzən vergi ödəyicilərinin problemini vergi orqanı həll edə bilmir. Vergi qurumu qanunverici orqan olmadığına, icraçı qurum olduğuna görə, müştərilərin bəzi problemini həll edə bilmir. O baxımdan, Azərbaycanda Vergi Ombudsmanının yaradılmasına çox böyük ehtiyac var”. FED.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Radil Fətullayev ölkəmizdə Vergi Ombudsmanının yaradılması məsələsini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda vergi məsələləri ilə bağlı mübahisələrin həlli, adətən, İqtisad Məhkəməsində həyata keçirilir: “Vergilər Nazirliyi vergi ödəyicilərinin hüquqlarını qoruyur və onların problemlərini dinləyir. Vergilər Nazirliyindən və digər orqanlardan asılı olmayan, müstəqil qurumun olması önəmlidir. Vergi Ombudsmanı beynəlxalq təcrübədə də var”. Ekspertin fikrincə, Vergi Ombudsmanının yaradılması ilə sahibkarların real problemlərini öyrənmək olar: “Qurumun yaradılması ilə həm verginin hesablanması, həm də sənədləşmə ilə bağlı real vəziyyəti öyrənmək olar. Bu, nəticədə Azərbaycanın vergi sisteminin təkmilləşməsinə müsbət təsir göstərə bilər. Əgər problemləri daha dəqiq öyrənmək istəyiriksə, bir-bir sahibkarların yanına gedib, onların problemlərini yaxından öyrənmək lazımdır. Vergi Ombudsmanının yaradılması buna doğru atılmış mühüm addımlardan biridir. Bu, yaxşı nəticə verə bilər”. O bildirib ki, hazırda Azərbaycanda vergi rejimləri müxtəlifdir: “Vergi Ombudsmanı sahələr üzrə müəssisələrin vergi problemlərini araşdıra bilər. Hansı ki, həmin məsələlər vergi ödəyicilərini ciddi şəkildə narahat edir. Məsələn, bir problem ola bilər ki, ticarətdə yoxdur, amma həmin problem xidmət sektorunda və yaxud tikinti sektorunda var. Həmçinin lisenziya, gömrük ilə bağlı problem ola bilər. Bəzən elə mübahisələr olur ki, gedib İqtisad Məhkəməsinədək çıxır və heç onu həll etmək də mümkün olmur”. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də Sputnik Azərbaycan-a deyib ki, vergi qurumları ilə hər hansı bir narazı məqamlar olduğu zaman hüquqi və fiziki şəxslər öz hüquqlarının qorunması üçün Vergi Ombudsmanına müraciət edə biləcəklər: “Vergi Ombudsmanı da onlara daxil olan müraciətlər əsasında araşdırma aparacaq, müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaq və hər iki tərəfin maraqlarına uyğun şəkildə məsələnin həllinə köməklik göstərəcək”. Xatırladaq ki, vergilər naziri Mikayıl Cabbarov deyib ki, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb. Nazir vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə edilməsinin, vergi apelyasiya sisteminin təkmilləşdirilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb, sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparıldığını deyib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.