Azərbaycan Vergilər Nazirliyinin əməkdaşı BMT-nin Ekspertlər Komitəsinə üzv seçilib2013-08-06 | Vergilər | 2636Nazirliyin Analitik informasiya şöbəsindən verilən məlumata görə, vergi sahəsində innovativ texnologiyaları mənimsəyərək tətbiq etməyə çalışan Vergilər Nazirliyi beynəlxalq əlaqələrini genişləndirməklə, bu sahədə uğurlu nəticələrə imza atır. 2013-cü il iyulun 26-da BMT-nin Vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin yeni tərkibi təsdiqlənib. Təşkilatın baş katibinin qərarı ilə dünyanın müxtəlif regionlarını təmsil edən namizədlər arasından 25 ekspert, o cümlədən Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin Beynəlxalq müqavilələr şöbəsinin rəisi Ülvi Yusifov növbəti 4 illik müddətə həmin komitənin üzvü seçilib. Qeyd edək ki, BMT-nin Vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsi təşkilatın İqtisadi və Sosial Şurasının (ECOSOC) tərkibinə daxil olan qurumdur. İlkin mərhələdə “BMT-nin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Model Konvensiyası” və «İnkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ikitərəfli vergi sazişləri üzrə danışıqlar aparılmasına dair Tövsiyələr» adlanan sənədləri üzərində iş aparan mütəxəssislərin müvəqqəti qrupu formasında fəaliyyət göstərən bu qurum 2004-cü ildən ECOSOC yanında daimi komitəyə çevrilib, genişmiqyaslı fəaliyyətə başlayıb. Komitənin səlahiyyətlərinə vergitutma sahəsində beynəlxalq əməkdaşlıq, beynəlxalq vergidən yayınma ilə mübarizə, transfert qiymətləri, transsərhəd əməliyyatların vergiyə cəlb edilməsi, vergilərin toplanmasına yardım, məlumat mübadiləsi, qarşılıqlı razılaşma prosedurları və digər aktual məsələlər aiddir. Komitənin üzvləri müxtəlif dövlətlərdən namizədlikləri irəli sürülmüş mütəxəssislər sırasından 4 il müddətinə seçilir. Komitə il ərzində müxtəlif məsələlər üzrə işləmək, habelə ECOSOC tərəfindən müəyyənləşdirilən uzunmüddətli gündəliyinin tələblərinə uyğun yekun sənədlər hazırlamaq üçün altkomitələrə bölünür. Komitə üzvləri ildə bir dəfə tam tərkibdə BMT-nin Cenevrədəki mənzil-qərargahında 5 günlük sessiyaya yığışaraq ilin yekunlarını müzakirə çıxarır və müvafiq sənədləri təsdiq edirlər. Mənbə: www.apa.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.