İqbal Babayev: Gömrük-sahibkar təması tam ləğv ediləcək - MÜSAHİBƏ2019-04-16 | İqtisadiyyat | 2383Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayevin “Report”a müsahibəsi: - İqbal müəllim, son zamanlar əksər qurumlar blokçeyn texnologiyasından istifadədə maraqlıdırlar. Azərbaycanda gömrük sahəsində blokçeyn texnologiyasının nə zaman tətbiqi planlaşdırılır? Hazırda bununla bağlı hansı işlər görülür? - Dövlət Gömrük Komitəsi müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları və biznes ictimaiyyəti ilə əməkdaşlıq formatında gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir. Nəzərə almaq lazımdır ki, layihə idarəçiliyinin mühüm prinsiplərindən biri tələb edir ki, idarəetmənin istənilən sahəsində, o cümlədən gömrük sistemində, ayrı-ayrı yeni texnologiyaların tətbiqi “əlahiddə eksperimentlər” şəklində deyil, sistemli yanaşma çərçivəsində konkret innovasiya layihələri formatında tətbiq edilməlidir. Bu baxımdan yeni texnologiyalarının gömrük sistemində tətbiqi konkret layihə hədəflərinə malik olmalı və son illər ərzində həyata keçirilmiş layihələrlə uzlaşmalıdır. Blokçeyn texnologiyasına gəldikdə isə Dövlət Gömrük Komitəsinin apardığı araşdırmalar göstərir ki, bu texnologiyanın tətbiqi əsasən özəl sektor tərəfindən ümumilikdə ticarət-təchizat zəncirinin idarə edilməsində, o cümlədən ticarətlə əlaqədar bank əməliyyatları (məsələn, akkreditiv hesabların açılması) və loqistika sektorunda sınaqdan çıxarılmaqdadır. Buna misal olaraq, dünyanın ən böyük loqistika şirkətlərindən olan “Maersk”, İBM şirkətləri ilə birgə bu sahədə müvafiq layihələr həyata keçiriblər. Eyni zamanda bizə məlumdur ki, blokçeyn texnologiyasının tətbiqinə xüsusilə ABŞ, Böyük Britaniya, Sinqapur, Koreya və Yaponiya gömrük xidmətləri tərəfindən xüsusi maraq göstərilir. Nəzərə alınmalıdır ki, blokçeyn texnologiyası paylanmış məlumat bazaları və kriptoqrafiya həlləri sayəsində xərclərin və resursların optimallaşdırılması, həmçinin şəffaflığın təmin edilməsi baxımından bir sıra üstünlüklər vəd edir. Belə ki, Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin 2017-ci ilin aprel ayında keçirilmiş 215/216-cı sessiyalarında blokçeyn texnologiyasının gömrük sistemində tətbiqi problemləri gündəmə gətirilib və müəyyən edilib ki, xüsusilə elektron kommersiya əməliyyatlarının idarə edilməsi, risk idarəçiliyi, gömrük-gömrük məlumat mübadiləsi, gömrük auditi, hüquqpozmalarla mübarizə və qanunvericiliyə riayət mədəniyyətinin formalaşdırılması sahəsində bu texnologiyanın tətbiqinin perspektivləri böyükdür. Dövlət Gömrük Komitəsi 2010-cu ildən etibarən informasiya ehtiyatlarının formalaşdırılması prinsipini yeni metodika və platforma əsasında quraraq 14 dövlət qurumlarının informasıya ehtiyatlarından istifadə etməklə xarici ticarəıt iştirakçılarının idxal-ixrac əməliyyatını həyata keçirən ilk dövlət orqanlarından biridir. Hələ o zaman bizim yanaşmamız bugünkü blokçeyn texnolgiyasına bənzər İT həllərə köklənib. Bu səbəbdən biz bu gün çox asanlıqla blokçeyn texnolgiyasını gömrük sistemində tətbiq edə bilirik. Məsələn, bu gün ölkəmizə idxal olan Gürcüstan mənşəli malların gömrük rəsmiləşdirilməsi zamanı blokçeyn texnolgiyasına əsasında məlumat mübadiləsi həyata keçirərək tələb olunan malın mənşə sertifikatını tətbiq edirik və rəsmiləşdirmə vaxtını çox qısaltmış oluruq, eyni zamanda saxta sənədlərin təqdim edilməsi riskini tam aradan qaldırırıq. - Azərbaycanın gömrük sistemində rəqəmsal texnologiyalara keçidlə bağlı hansı tədbirlər görülür və bu, tədricən kadr siyasətinə yenidən baxılmasına zəruri edəcəkmi? -Dövlət Gömrük Komitəsi tərəfindən son dövrlər aparılan islahatların əsas istiqamətlərindən biri məhz kadr islahatlarıdır. Kadr islahatlarını şərtləndirən əsas amillər gömrük sistemində yeni idarəetmə modellərinin və düşüncə tərzinin formalaşdırılması, gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində daha təkmil texnologiyaların tətbiqi, həmçinin gömrük-biznes, gömrük-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə qurulması, gender balansının təmin edilməsi, şəffaflığın artırılması kimi konkret hədəflərimizdir. Buna baxmayaraq, nəzərə alınmalıdır ki, gömrük sistemində kadr potensialının gücləndirilməsi siyasəti eyni zamanda biliklərin sistemli, ardıcıl ötürülməsi fəlsəfəsini özündə ehtiva edir. Yəni, təcrübəli kadrlarla gömrük xidmətinə yeni işə cəlb edilmiş kadrlar arasında biliklərin ötürülməsi baxımından irsi əlaqənin təmin edilməsi gömrük sisteminin dayanıqlı inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Rəqəmsal texnologiyaların gömrük əməkdaşının gündəlik işində daha geniş tətbiqi kadrlardan tamamilə yeni biliklər, yeni bacarıqlar tələb edir. Bu baxımdan, Gömrük-Təhsil Qurumları əməkdaşlığı problemləri ön plana çıxır. Bu sahədə Dövlət Gömrük Komitəsinin Akademiyasında kadr hazırlığı məsələlərinin daha da gücləndirilməsi, ölkənin digər təhsil qurumları ilə əməkdaşlıq münasibətlərinin gücləndirilməsi çox vacibdir. - Keçən il Komitə rəhbərlərinin verdiyi müsahibələrin birində deyilmişdir ki, Dövlət Gömrük Komitəsində hələ də “şirinlik” qalmaqdadır. Bu gün bununla bağlı vəziyyət nə yerdədir? -Gömrük sistemində şəffaflığın daha da artırılması ölkə rəhbərliyi tərəfindən Dövlət Gömrük Komitəsi qarşısında qoyulmuş konkret tapşırıqdır. Son dövrlər gömrük sistemində aparılan islahatlara kənardan ötəri nəzər saldıqda asanlıqla görmək olur ki, DGK rəhbərliyi tərəfindən bu tip hallara qarşı qanunvericilik çərçivəsində dərhal və çox sərt reaksiya verilir və belə qanunsuz əməllərə yol verən şəxslər məsuliyyətə cəlb olunurlar. Bununla yanaşı, nəzərə alınmalıdır ki, “şirinlik” və bu kimi digər hallarla mübarizəyə ayrı-ayrı hallar üzrə deyil, Dövlət Gömrük Komitəsinin ümumi inkişaf strategiyası çərçivəsində institusional dəyişikliklər baxımından yanaşılır. Bu yanaşma sadəcə olaraq konkret korrupsiya hallarının nəticələrinin aradan qaldırılması ilə kifayətlənmir, onları doğuran səbəbləri aradan qaldırmağa yönəlib. Məsələn, bununla bağlı gömrük əməkdaşının, xüsusilə ucqar bölgələrdə sərhəd-buraxılış məntəqələrində çalışan gömrük əməkdaşlarının sosial ehtiyaclarının təmin edilməsi, maddi-rifah vəziyyətinin yaxşılaşdırılması, həmçinin gömrük sistemində daxili nəzarət sistemlərinin gücləndirilməsi, yeni korporativ məsuliyyət siyasətinin inkişaf etdirilməsi, şərəf kodeksi və fəaliyyət etikası prinsiplərinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı olaraq, bir tərəfdən sahibkarların marifləndirilməsi, onların bilik bazasının daha da zənginləşdirilməsi, psixioloji təlimlərin keçirilməsi ilə əlaqədar, digər tərəfdən biznes prosesin düzgün qurulması ilə bağlı işlədiyimiz islahat paketimiz bir çoz sahəni əhatə edir. Biz elə bir sistem qurmalıyıq ki, gömrük prosedurları gömrük əməkdaşlarının və ya gömrük orqanlarının subyektiv qərarları əsasında həyata keçirilməsin. Biz, gömrük xidmətində qərarqəbuletmə mexanizmini yeni texnologiyalar əsasında, rəqəmsal gömrük idarəçiliyi prinsipi əsasında, risklərin avtomatlaşdırılmış idarəetmə sistemi əsasında və ümumiyyətlə “Smart Gömrük”, “Smart Sərhəd” ideyalarına köklənərək qurmalıyıq. Biz elə bir sistem qurmalıyıq ki, bu kimi neqativ hallara sistem imkan verməsin, və eyni zamanda həm “şirinlik” verən, həm də onu alan bu kimi hərəkətləri özünə təhqir kimi qəbul etsin. Əlavə olaraq, neqativ hallarla mübarizə gömrük-cəmiyyət əməkdaşlığından çox asılıdır. Bu səbəbdən, biz çoxlu alətlər tətbiq edərək belə hallar ilə mübarizə aparırırq və nəticəsini də az da olsa görürük. Məsələn, Dövlət Gömrük Komitəsi olaraq biz sahibkarlara və bütün vətəndaşlara müraciət edərək bildiririk ki, belə neqativ hallarla mübarizənin daha effektiv olması üçün Dövlət Gömrük Komitəsi tərəfindən yaradılmış əks əlaqə sistemlərindən daha fəal istifadə etsinlər, dərhal belə hallar barədə Komitə rəhbərliyini məlumatlandırsınlar. Bunun üçün, Komitənin “Çağrı Mərkəzi”nin imkanları genişləndirilib və rəsmi internet saytında, habelə sosial şəbəkələr vasitəsilə zəruri sistemlər yaradılıb. Həmçinin, belə hallarla mübarizədə ənənəvi mətbuatın, o cümlədən sosial medianın rolu çox böyükdür. Nəzərinizə çatdırırıq ki, Komitənin sədri və digər rəhbər şəxslər xüsusilə sosial medianı yaxından izləyirlər və obyektiv işıqlandırılan problemlərə dərhal reaksiya verirlər. - Bu il ərzində gömrük sistemində hansı yeni elektron xidmətlərin tətbiq edilməsi gözlənilir? - Elektron xidmətlərin inkişafı daima diqqət mərkəzindədir. Bildiyiniz kimi, Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlər ümumilikdə ölkədə ən çox istifadə edilən elektron xidmətlər sırasındadır və bu sahədə ciddi uğurlar əldə edilib. Bu gün gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesləri tam avtomatlaşdırılıb, gömrük bəyannamələrinin təqdim edilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi, gömrük orqanlarına müraciətlərin izlənilməsi kimi xüsusi sosial əhəmiyyət kəsb edən xidmətlər tam kağızsız texnologiyalar əsasında qurulub. Bu sahədə işlər 2019-cu il ərzində də davam etdiriləcək və xüsusi diqqət mobil gömrük həllərinin inkişafına yönəldiləcək. Konkret misal olaraq, cari il ərzində aşağıdakı xidmətlərin cəmiyyətin istifadəsinə verilməsi planlaşdırılır: - Xarici ticarət iştirakçısının Şəxsi Kabineti. Bu xidmət növü mənim üçün ən vacib layihələrdən biridir. Biz bu elektron xidməti yüksək səviyyədə sahibkarlara verməklə “Könüllü riayət mədəniyyəti” haqqında danışa bilərik. - Gömrük uçotu və balansı üzrə elektron xidmətin yaradılması. Bu xidmət vasitəsilə sahibkarlar indiyə qədər həyata keçirtdiyi bütün ödənişlər üzrə hesabat ala biləcək və eyni zamanda, gömrük borclarına görə balans cədvəlinin aktivliyini daima nəzarətdə saxlayacaqlar. - “Gömrük əməliyyatları üzrə imza səlahiyyətlərinin verilməsi”, bu xidmətdən istifadə etməklə xarici ticarət iştirakçısının rəhbəri öz imzası vasitəsi ilə istənilən əməkdaşının imzasına xarici ticarət iştirakçısının fəaliyyəti haqqında statistik məlumatlara giriş hüququ verir; - “online kargüzarlıq”, bu xidmət istifadəçilərə DGK-nın internet saytı vasitəsi ilə gömrük orqanlarına müraciət (təklif, şikayət, və.s) göndərmək, müraciətə baxılması vəziyyətini onlayn izləmək və cavab almaq imkanı verir; - “Şəxsin adının İAMASın “Xüsusi diqqət siyahısı”nda olub-olmamasınn yoxlanılması”, hər bir fiziki şəxs xidmətdən istifadə etməklə gömrük orqanı tərəfindən onun sərhədkeçməsinə məhdudiyyət qoyulub-qoyulmadığını yoxlaya bilir. - Gələcəkdə gömrük sahəsində daha hansı informasiya texnologiyalarının tətbiqi gözlənilir və bunula bağlı strategiyanın hazırlanması nəzərdə tutulurmu? - Hazırda rəqəmsal gömrük xidmətinin tətbiqi və bu sistemin inkişafı ilə bağlı yeni layihə konsepsiyası hazırlanıb. Konsepsiyanın əsas mahiyyəti gömrük-sahibkar təmasının tam ləğv edilməsi, Virtual Gömrük Ofislərinin yaradaraq “Məsafədən xidmət” prinsipi əsasında gömrük işini təşkil etməkdir. Qısa bir zamanda bu konsepsiyanı tətbiq etməklə gömrük sahəsindəki apardığımız islahatların ikinci mərhələsini başa vurmuş hesab edəcəyik. Bunun üçün beynəlxalq təcrübədə qəbul olmuş ən yaxşı təcrübələr, yeni yanaşmalar öyrənilib və hal-hazırda öyrənilməkdədir və bütün bu işlər Azərbaycanda gömrük sisteminin strateji hədəfləri və ehtiyacları ilə uzlaşdırılır. Yeni konsepsiyanın hazırlanmasında Ümumdünya Gömrük Təşkilatının və digər beynəlxalq qurumların hazırladığı baza sənədlərdən də istifadə edilmiş və özündə əksini tapıb. - Bildirmişdiniz ki, gömrükdə elektron növbə sisteminin tətbiqi gözlənilir. Azərbaycan gömrük sistemində elektron növbə sisteminin tətbiqi nə zaman həyata keçiriləcək? Ümumiyyətlə, elektron növbə sistemi gömrük sisteminə və sahibkarlara nə vərəcək? Onun hansı üstünlükləri var? Elektron növbə sistemində hansı təcrübələrdən istifadə ediləcək? Bu sisteminin yük nəqliyyat vasitələrində tətbiqi həyata keçirildikdən sonra, piyadaların da keçidində nəzərdə tutulurmu? - Bu layihə çərçivəsində yalnız “Elektron növbə sistemi” deyil, eyni zamanda “Surətli keçid” layihəsi də işlənilir. Bu layihələr ilə bağlı texniki işlər hal-hazırda tamamlanma mərhələsindədir. Layihələrin məzmunu və hədəfləri barədə mətbuat vasitəsilə ictimaiyyətə və sahibkarlara ətraflı məlumat verilib və daha da geniş məlumat veriləcək. Yalnız onu qeyd etmək istərdim ki, bu qeyd etdiyim layihələr gömrük sistemində ümumi “Smart Gömrük və Smart Sərhəd”, yəni “Ağıllı Sərhəd” konsepsiyasının tətbiqi ilə bağlıdır və layihənin hədəf auditoriyası həm öz avtonəqliyyat vasitəsi ilə gömrük sərhədini keçən səyahətçilər, həm də kommersiya təyinatlı yükləri daşıyan nəqliyyat vasitələridir. Bu layihələrin tətbiqi faktiki olaraq, sərhəd keçid məntəqələrində sıxlığı aradan qaldırmağa, gömrük resurslarının daha optimal tətbiqini proqnozlaşdırmağa və vaxt itkisini aradan qaldırmağa yardım edəcək və ən başlıcası, yenə də qeyd etmək istədiyim məsələ: “Sən tez keç, çünki mən səni tanıyıram” prinsipi ilə qəbul edilmiş ədalətsiz qərarlara yol verməməklə vətəndaş-məmur münasibətində subyektiv qərarların tam aradan qaldırılmasına xidmət edəcək. Mənbə: https://report.az/biznes/azerbaycanda-agilli-serhed-konsepsiyasi-tetbiq-edilecek/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.