Ekspert: “Otelçilik biznesi üçün xüsusi vergi rejimi tətbiq olunması prosesə təsir edər”2019-04-28 | İqtisadiyyat | 2421“Əgər biz kütləvi turist axınını istəyiriksə o zaman anlamalıyıq ki, onlar varlı deyil orta təbəqəyə aid olan şəxslərdir”. Bunu “Report”a DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib. S.Dübəndinin sözlərinə görə, bu səbəbdən də daha ucuz otellərə ehtiyac var: “Biz Monako, İsveçrə kimi lüks turizmlə məşğul olmuruq. Adlarını çəkdiyimiz ölkələr az turist qəbul edir, amma bu turistlər varlı qismi təşkil edir. Çalışırıq ki, turistlərin kütləvi səfəri ilə məşğul olaq. Bunu dövlət də belə istəyir, strateji yol xəritələrində də bu cür göstərilir. Həmçinin çalışırıq ki, burada mövsümiliyi aradan götürək və turistlər yay-qış gəlsin. Turist olmayanda otellərin xərcləri çox olur. Kommunal xərcləri, işçilərin əməkhaqqılarını və s. ödəməkdə çətinlik çəkir. Azərbaycanda biznesin inkişafı üçün son illər çox böyük işlər görülür. Xüsusən də KOBİA və Fondun yaradılmasını demək olar. Amma təəssüf ki, hələ də otelçilik biznesi üçün xüsusi imtiyazları görmürük. Burada aşağı vergi yükü olan xüsusi vergi rejimi, dövlət yaxud bələdiyyə balansında olan torpaqların satış yaxud icarə məsələlərinə diqqət yetirilsə yaxşı olar”. Ekspert bildirib ki, bir sıra regionlarda yüksək təbəqə üçün nəzərdə tutulan otellər var: “Biz həmçinin turistlər üçün yeni məhsullar, yeni turlar təşkil etməliyik. Bəzən turistlər 2-3 gündən sonra getməyə yer tapmır. Bunun üçün həm də alış-veriş mərkəzlərinin, safari parklarını və aqua-parkların da səviyyəsini qaldırmaq lazımdır. Biz çalışmalıyıq ki, ölkəyə ilk dəfə gələn turisti qayıdan turistə çevirək”. Mənbə: https://report.az/turizm/otelcilik-biznesi-ucun-xususi-vergi-rejimi-tetbiq-olunmali/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.