e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda müflisləşmək asanlaşdı – YENİ QANUN - DETALLAR

2019-04-30 | Hüquq | 3486

Xəbər verildiyi kimi, prezident İlham Əliyev «Müflisləşmə və iflas haqqında» qanuna dəyişiklikləri təsdiqləyib.

Qanuna edilən maraqlı dəyişikliklərən biri 2-ci maddəyə edilib. Burada «fiziki və hüquqi şəxslərə» sözləri «müəssisəyə və fərdi borcluya» sözləri ilə əvəz edilib. Mütəxəssislərin fikrincə, bu dəyişiklik nəticəsində adi vətəndaşlar özlərini müflis elan edə bilməyəcəklər, bu hüquq yalnız VÖEN-lə işləyənlərə şamil olunacaq.

Qanunun 3-cü maddəsinə edilən dəyişikliklərdə isə iflas prosesinə nə vaxt başlanacağı dəqiqləşdirilib. Beləliklə, iflas prosesi o vaxt başlayır ki,

  1. borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir;
  2. borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir;
  3. borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.".

Qeyd edək ki, qanunun əvvəlki variantında bu tələblər bir qədər qeyri-müəyfən idi, məsələn vergilərin ödənilməsi ilə bağlı dəqiq müddət qoyulmamışdı. İndi isə vaxt ərçivələri dəqiqləşdirilib.

Qanunun 9-cu maddəsinə edilən dəyişikliyə görə, iflas haqqında elanın dərc edilməsi tələbi məhkəmə tərəfindən ləğv edilməyəcək (əvvəlki variantda ləğv edilə bilərdi). Yəni bu barədə elan hökmən dərc ediləcək.

Qanuna əsas dəyişiklik bura 10-1-ci maddənin əlavə edilməsi ilə bağlıdır. Bu maddə İflas haqqında iş üzrə məhkəmə baxışı adlanır.

Maddəyə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.

Başqa sözlə, yeni maddə, əslində iflas prosesi ilə bağlı sərt vaxt çərçivələri qoyur və faktiki olaraq bu prosesi sürətləndirir.

Qanunun 12-ci maddəsinə edilən dəyişiklik isə iflas haqqında məhkəmə qərarından şikayətin təsirini dəyişib. Əvvəlki qaydaya görə, məhkəmə qərarfndan şikayət edilməsi borclunun əmlakının satışını və kreditorlara ödənişin dayandırılmasına - SƏBƏB OLA BİLƏRDİ (fərqləndirmə bizimdir – FED.az). İndi isə göstərilir ki, məhkəmə qərarından şikayət borclunun əmlakının satışını və kreditorlara ödənişin dayandırılmasına SƏBƏB OLUR (fərqləndirmə bizimdir)

Qanunun 28-ci maddəsinə edilən dəyişikliyə görə, əmlakın inzibatçısı hesabatlarını 3 aylıq fasilə ilə deyil, iki aylıq fasilə il əvə ya məhkəmənin müəyyən etdiyi daha qısa müddətdə təqdim etməli olacaq. Qeyd edək ki, indiyədək olan variantda məhkəmənin başqa müddət müəyyfən etməsi imkanı vardı, amma bunun az və ya çox olması göstərilmirdi.

Eləcə də borclunun sağlamlaşdırılması planı da əvvəlki kimi 3 ay deyil, 2 ay müddətində başlanmalıdır.

Qanuna maraqlı dəyişikliklərdən biri də olur ki, sağlamlaşdırma planı ilə bağlı səsvermədə yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən kreditorlar iştirak edir. Sağlamlaşdırma planının əleyhinə səsvermiş, yaxud səsvermədə iştirak etməmiş kreditorların hüquqları sağlamlaşdırma planının lehinə səsvermiş kreditorların hüquqları ilə bərabər, növbəlilik qaydasında təmin edilir.

Qanunun 45-ci maddəsinə edilən dəyişiklikdə isə kreditorların əmlak inzibatçısına irəli sürdüyü borc tələblərinin və şikayətlərin rədd edilməsi müddətləri dəqiqləşdirilib. Əvvəlki qaydaya görə belə halda məhkəmə belə ərizəyə baxılma müddətini təyin edir. Yeni qaydaya görə isə məhkəmə bu ərizəyə 10 gün müddətində baxır və iclasın tarixi ilə bağlı inzibatçıya bildiriş göndərir.

Mənbə: https://www.fed.az/az/maliyye/66106/azerbaycanda-muflislesmek-asanlasdi-yeni-qanun-detallar


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.