Vergi Məcəlləsinə edilən son dəyişikliklər bazara müsbət təsir edir.2019-05-02 | İqtisadiyyat | 2394“Bir neçə regionumuza – Qəbələ, Şəki və Naftalan şəhərləri, Qusar Şahdağ zonası, Xaçmazın Nabran zonasında turistlərin sayı digərlərinə nisbətən çoxdur. Amma Lənkəran və Gəncə-Qazax zonası turist baxımından bir qədər geri qalır”. Bunu “Report”a DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib. S.Dübəndi qeyd edib ki, həmin regionların imkanlarını qonşu ölkələrlə turist mübadiləsi nəticəsində qaldırmaq olar: “Bu regionlarda beynəlxalq aeroportlarımız var. Həmçinin Lənkəran İran, Gəncə-Qazax iqtisadi rayonu isə Gürcüstan sərhədinə yaxındır. Biz bu dövlətlərlə turist mübadiləsi apara bilərik. Bir tərəfdən də onu qeyd edim ki, bu regionların həm təbii, həm də antropogen turizm ehtiyatları çox yüksəkdir”. Assosiasiyasının sədri hesab edir ki, bələdçilərin sayının artırılmasına ehtiyac var: “Bu gün peşəkar bələdçilərin sayı çox azdır. İnanıram ki, yeni yaradılan Bələdçilər Assosiasiyası bu problemlərin aradan qaldırılması üçün işlər görəcək. Əgər bu sahənin inkişafını istəyiriksə vergi məsələlərində də daha münbit şərait yaratmalıyıq. Vergi Məcəlləsinə edilən son dəyişikliklər bazara müsbət təsir edir. Xüsusən də elektron qaimə-fakturaların icbari olması şəffaflığa gətirib çıxarır. Bu həmçinin bazarda birgünlük, dırnaqarası şirkətlərin də aradan çıxmasına səbəb olub. Bir növ sığortalı biznes olub. Hamı nəyi kimə, necə və neçəyə satdığını artıq bilir. Amma istərdik ki, xüsusi bir rejim yaradılsın. Həm otellər, həm restoran, həm də digər turizm obyektləri üçün xüsusi imtiyazlar tətbiq edilməsinə ehtiyac var”. Qeyd edək ki, turizm agentlərinin göstərdikləri xidmətlərin təhvil-qəbul aktları ilə yanaşı, elektron qaimə-faktura ilə də həyata keçirilir. Bu halda fakturada bu xidmətlərin agent qaydasında həyata keçirilməsi qeyd edilməlı və bununla da həmin xidmətlərin dəyəri turizm agentliyinin gəliri hesab edilmir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bu ildən mikro sahibkarlıq subyektlərinə əmlak vergisindən azadolmaların tətbiqinə başlanılıb. Bununla yanaşı, sahibkarlara 75 faiz gəlir vergisi güzəşti verilib, əməkhaqqının 8 min manatadək olan hissəsinin vergiyə 0 dərəcə ilə cəlb edilir. Bu güzəşt və azadolmalar turizm sektorunu da əhatə edir. Mənbə: https://report.az/turizm/qonsu-olkelerinin-hesabina-bezi-regionlarin-imkanlarini-qaldirmaq-olar/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.