Peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydaları təsdiq edildi2019-05-07 | Mühasibat uçotu | 4187“Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 may tarixli 204 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Peşəkar mühasib təşkilatının akkreditasiya olunması QAYDASI 1. Ümumi müddəalar 1.1. Bu Qayda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydasını müəyyən edir. 1.2. Bu Qayda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) müraciət edən qeyrikommersiya təşkilatlarına şamil edilir. 1.3. Qeyri-kommersiya təşkilatı peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmaq üçün mühasibat uçotu sahəsində aşağıdakı istiqamətlərdən hər hansı biri üzrə ən azı beş il fəaliyyət göstərməlidir: 1.3.1. beynəlxalq standartların tətbiqi və ya tərcüməsi üzrə xidmət göstərilməsi; 1.3.2. əlavə təhsil üzrə lisenziyası olmaqla, beynəlxalq standartlar üzrə müvafiq təlim və (və ya) imtahanların keçirilməsi. 1.4. Peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyrikommersiya təşkilatlarının siyahısı Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. 2. Akkreditasiyanın keçirilməsi 2.1. Qeyri-kommersiya təşkilatı peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunması üçün Maliyyə Nazirliyinə bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib edilmiş ərizə ilə müraciət edir. Həmin ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 2.1.1. nizamnaməsinin, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin və dövlət vergi orqanında qeydiyyata alınmasını təsdiq edən sənədinin notarial qaydada təsdiq edilmiş surətləri; 2.1.2. bu Qaydanın 2.7-ci bəndinin tələbləri nəzərə alınmaqla, 2 nömrəli əlavəyə uyğun olaraq ən azı 500 (fiziki və hüquqi şəxs) üzvünün və ya 200 peşəkar mühasib sertifikatına malik olan üzvünün olması barədə məlumat forması; 2.1.3. bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq aşağıdakı struktur bölmələrə malik olmasını təsdiq edən məlumat forması və ona əlavə edilmiş təsdiqedici sənədlərin surəti: 2.1.3.1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və (və ya) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə struktur bölmə; 2.1.3.2. mühasiblərin ixtisaslarının artırılması üzrə struktur bölmə; 2.1.3.3. üzvlüklə bağlı yaranmış mübahisələrin baxılması üzrə struktur bölmə və ya müvafiq vəzifə; 2.1.4. üzvlərinin ixtisaslarının artırılması ilə əlaqədar təlimlərin keçirilməsi planına malik olmasını təsdiq edən sənədin surəti; 2.1.5. bu Qaydanın 1.3-cü bəndində göstərilən istiqamətlərdən biri və ya bir neçəsi üzrə ən azı beş il fəaliyyət göstərməsini təsdiq edən sənədlərin surəti. 2.2. Qeyri-kommersiya təşkilatının müraciətinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baxılır və ərizəçinin akkreditasiyadan keçib-keçməməsi barədə Maliyyə Nazirliyi tərəfindən müvafiq qərar qəbul edilir. 2.3. Peşəkar mühasib təşkilatı müddətsiz akkreditasiya olunur. Peşəkar mühasib təşkilatının akkreditasiya olunması barədə Maliyyə Nazirliyinin qərarının qüvvəyə mindiyi tarix təşkilatın akkreditasiya olunma tarixi hesab edilir. 2.4. Qeyri-kommersiya təşkilatı tərəfindən təqdim edilmiş sənədlər bu Qaydanın 2.1-ci bəndinin tələblərinə cavab vermədiyi hallarda həmin təşkilatın akkreditasiyadan keçmədiyi barədə qərar qəbul edilir və səbəbi göstərilməklə qərarın surəti qeyri-kommersiya təşkilatına göndərilir. 2.5. Akkreditasiyadan keçə bilməyən qeyri-kommersiya təşkilatları təkrar müraciət etmək hüququna malikdirlər. 2.6. Peşəkar mühasib təşkilatı hər il üçün növbəti il yanvar ayının 31-dək bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq üzvlərinin sayı barədə Maliyyə Nazirliyinə məlumat təqdim edir. 2.7. 2022-ci il 31 dekabr tarixinədək akkreditasiya olunmuş peşəkar mühasib təşkilatının 2023-cü ilin 31 dekabr tarixinədək ən azı 200 peşəkar mühasib sertifikatına malik olan üzvü olmalıdır. 2022-ci il 31 dekabr tarixindən sonra akkreditasiya olunmuş peşəkar mühasib təşkilatının akkreditasiya olunduğu tarixdən bir il ərzində ən azı 200 peşəkar mühasib sertifikatına malik olan üzvü olmalıdır. 2.8. Peşəkar mühasib təşkilatının adı və hüquqi ünvanı dəyişdirildiyi hallarda, həmin təşkilat on beş təqvim günü müddətində peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının siyahısında müvafiq dəyişiklik edilməsi məqsədilə Maliyyə Nazirliyinə yeni adı və hüquqi ünvanı barədə məlumat təqdim edir (təsdiqedici sənədin surəti əlavə olunmaqla). Maliyyə Nazirliyi tərəfindən beş iş günündən gec olmayaraq, peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyrikommersiya təşkilatlarının siyahısında müvafiq dəyişiklik edilir. 3. Peşəkar mühasib təşkilatının akkreditasiyasının dayandırılması və ləğv edilməsi 3.1. Peşəkar mühasib təşkilatının akkreditasiyasının dayandırılması Maliyyə Nazirliyinin qərarı əsasında aşağıdakı hallarda həyata keçirilir: 3.1.1. peşəkar mühasib təşkilatı tərəfindən onun akkreditasiyasının dayandırılması barədə müvafiq ərizə təqdim edildikdə; 3.1.2. peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş məlumatların təqdim edilməməsi və ya düzgün olmayan məlumatların təqdim edilməsi aşkar olunduqda; 3.1.3. peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın 2.7-ci bəndinin tələbləri təmin edilmədikdə; 3.1.4. peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərinin tələblərinin pozulduğu aşkar edildikdə. 3.2. Peşəkar mühasib təşkilatının akkreditasiyasının ləğv edilməsi Maliyyə Nazirliyinin qərarı əsasında aşağıdakı hallarda həyata keçirilir: 3.2.1. peşəkar mühasib təşkilatı tərəfindən onun akkreditasiyasının ləğv edilməsi barədə müvafiq ərizə təqdim edildikdə; 3.2.2. peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın 3.1.2-ci, 3.1.3-cü və 3.1.4-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq akkreditasiya olunmasının dayandırılmasına səbəb olan pozuntular üç ay müddətində aradan qaldırılmadıqda; 3.2.3. peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyrikommersiya təşkilatı ləğv edildikdə və ya yenidən təşkil olunduqda. 3.3. Peşəkar mühasib təşkilatının akkreditasiyasının dayandırılması və ya ləğv edilməsi barədə Maliyyə Nazirliyinin qərarının qüvvəyə mindiyi tarix təşkilatın akkreditasiyasının dayandırılması və ya ləğv olunması tarixi hesab edilir. 3.4. Peşəkar mühasib təşkilatı onun akkreditasiyasının dayandırılması və ya ləğv edilməsi barədə Maliyyə Nazirliyinin qərarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.