Sahib Ələkbərov: Əvvəllər DGK ilə Vergilər Nazirliyi arasında ciddi problem olmasa da, suallar olurdu - EKSKLÜZİV2019-05-13 | İqtisadiyyat | 2483“Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin (DGK) birləşməsi dövlət idarəetməsinə aid məsələdir. Bu, mənim səlahiyyətimə aid deyil”. Bunu “Report”a eksklüziv açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. S.Ələkbərovun sözlərinə görə, Vergilər Nazirliyinin qarşısında duran ən böyük məsələ işin koordinasiyalı qurulmasıdır: “Əsas məsələ və problem ondan ibarət deyil ki, hansı qurum kiminlə birləşəcək və ona kim rəhbərlik edəcək. Bu ikinci dərəcəli məsələdir. Əsas məsələ odur ki, o sistem işləyirmi və bu sistemlər fayda verirmi, səmərəlidirmi?! Bəlkə də, bəziləri bunu bilmir. Amma bizim qarşımızda duran ən böyük məsələ işin koordinasiyalı qurulmasıdır. Bilirsiniz ki, 2006-cı ildə Azərbaycanda ilk dəfə Vergilər Nazirliyi AVİS (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) sistemini işə salıb. Hazırda bu sistem çox səmərəli işləyir. Bizim digər dövlət qurumları ilə sistemlərimizin əlaqəli şəkildə işləməsi, informasiyalarımızın əlçatan olması çox ciddi məsələdir. Hazırda bunun üzərində iş gedir. Qaldı Dövlət Gömrük Komitəsinə, ola bilsin, bəziləri bunu bilmir, amma hazırda heç bir sual, problem yoxdur”. Nazir müavini “Bu problem və suallar əvvəllər də yox idi, yoxsa son zamanlar yoxa çıxıb?” sualına cavabında deyib ki, əvvəllər ciddi problemlər olmayıb: “Əvvəl də elə ciddi problem olmayıb, amma suallar olurdu. Suallar da hərənin öz sisteminin olması ilə bağlı idi. Hazırda vergi orqanı ilə gömrük orqanı birgə nəzarəti həyata keçirir. Bizdə yeni bir qurum yaradılıb - İdxal-İxrac Departamenti. Onun çox sayda işçiləri var, mütəxəssislər cəlb olunub. Bizim onların informasiya sisteminə, onların da bizim sistemə əlçatanlığı təmin olunub. İndi bizə lazımdır ki, bu digər sahələrdə də olsun”. Nazirlik rəsmisi deyib ki, hazırda təmsil etdiyi qurum informasiya mübadiləsini İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azərkosmos” ASC və başqa qurumlarla davam etdirmək niyyətindədir. Mənbə: https://report.az/maliyye/dovlet-gomruk-komitesi-ile-hazirda-hec-bir-sual-problem-yoxdur/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.