E-qaimə-faktura və e-vergi hesab-fakturalarının tətbiqi məsələləri ilə bağlı 2 günlük "dəyirmi masa" keçirilib2019-07-02 | Vergilər | 3064İyunun 27-28-də Vergilər Nazirliyinin Tədris Mərkəzində e-qaimə-faktura və e-vergi hesab-fakturalarının tətbiqi məsələləri, bu zaman ortaya çıxan problemlər və onların həlli ilə bağlı "dəyirmi masa" keçirilib. Tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, iqtisadçı ekspertlər, sahibkarların ictimai birlikləri, beynəlxalq və yerli audit şirkətlərinin nümayəndələri, sahibkarlar, onların mühasibat uçotu məsələləri ilə məşğul olan mütəxəssisləri və mühasiblər iştirak ediblər. Vergilər nazirinin müşaviri Xəqani Abdullayev Vergilər Nazirliyinin vergitutma məsələlərində daim açıq dialoqa hazır olduğunu və ictimaiyyətlə əməkdaşlıq prinsiplərinə önəm verdiyini vurğulayıb, bu görüşün məhz həmin qəbildən olduğunu qeyd edib. Tədbirdə təqdimatla çıxış edən Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov e-qaimə-fakturanın tətbiqi sahəsində mövcud vəziyyət barədə məlumat verib, vergi ödəyicilərinin bu sahədə rastlaşdıqları problemlərin həlli istiqamətində görülən işlər barədə danışıb. Bildirib ki, e-vergi hesab-fakturası anlayışının Vergi Məcəlləsindən götürülməsi və vahid e-qaimə-fakturanın tətbiqi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə təkliflər hazırlanır. O, həmçinin, vergi qanunvericiliyinə dəyişikliklər çərçivəsində yeni bir layhə kimi malların elektron alış aktının tətbiqinin planlaşdırıldığını da diqqətə çatdırıb. Aktiv müzakirələr şəraitində keçən tədbirdə iqtisadçı ekspertlər, müxtəlif şirkətlərin nümayəndələri təcrübə zamanı ortaya çıxan problemlər barədə fikirlərini bölüşüb, onların həlli ilə bağlı təkliflərlə çıxış ediblər. Vergilər Nazirliyinin rəhbər vəzifələri şəxsləri “dəyirmi masa” iştirakçılarının e-qaimə-fakturanın tətbiqi ilə bağlı qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıblar. Qeyd olunub ki, ekspert cəmiyyətinin və sahibkarlar təşkilatlarının təqdim etdiyi təkliflər əsasında vergi inzibatçılığında bir sıra dəyişikliklərin aparılması nəzərdə tutulur. Tədbir iştirakçıları Vergilər Nazirliyinin ictimai müzakirələrə açıq mövqe nümayiş etdirməsini müsbət dəyərləndiriblər. Nazirliyin nümayəndələri "dəyirmi masa"da ekspertlər tərəfindən qaldırılan praktiki məsələlərin təhlilinin aparılacağını diqqətə çatdırıblar. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, belə görüşlər daim keçiriləcək və Vergilər Nazirliyi ictimaiyyət nümayəndələri ilə birlikdə çalışmağa hazırdır. Mənbə: http://www.taxes.gov.az/modul.php?name=metbuat&bolme=pressreliz&pid=1854&lang= |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.