e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Elektron kassalarla bağlı bilməli olduğumuz vacib məqamlar

2019-07-13 | Vergilər | 3068

Ölkəmizdə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir. Bu müasir avadanlıq pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd qaydada aparılan bütün kassa əməliyyatları barədə məlumat ötürə bilir. Məlumatlar Vergilər Nazirliyinin elektron informasiya bazasına daxil olur. Yeni nəsil nəzarət-kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq. Bununla yanaşı, yeni sistemin tətbiqi ilə müştərilər (yəni istehlakçılar) kassa çekinin üzərində qeyd edilən QR kod (və unikal identifikator) vasitəsilə həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilər.

Yeni nəsil kassa aparatları ilə bağlı ətraflı məlumatı yeni istifadəyə verilmiş www.e-kassa.gov.az saytından əldə etmək mümkündür. Bu sayt istifadəçilərə onlayn kassalar barədə yaranan suallara cavab tapmaqda kömək edir. Saytda yeni nəsil kassalar haqqında qanunvericilik, e-kassa haqqında, e-kassa istifadəçiləri üçün, e-kassa operatorları üçün ayrıca bölmələr xidmət göstərir. Beləliklə, e-kassalarla bağlı vacib olan 6 əsas məqamı təqdim edirik:

E-kassa nədir?

E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni nəsil proqram-aparat kompleksidir. Onun vasitəsilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Vergilər Nazirliyinin informasiya sistemləri bazasına onlayn ötürülməsi (köçürülməsi) təmin edilir. E-kassa pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir.

E-kassanın üstünlükləri

E-kassanın köhnə nəsil kassa aparatları ilə müqayisədə bir çox üstünlükləri vardır. Mövcud olan əsas üstünlüklər məlumatların onlayn ötürülməsi, kriptoqrafiq prosedurlardan istifadə edilməsi, yeni çek formalarının tətbiq olunması və aparılmış əməliyyatlar üzrə təhlil imkanlarının yaradılmasıdır.

Məlumatların onlayn ötürülməsi: E-kassa vasitəsilə aparılan əməliyyatlar (malların təqdim olunması, xidmətlərin göstərilməsi) zamanı həyata keçirilən hesablaşmalar barədə məlumatlar Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür. E-kassa tərəfindən fiskal məlumatları özündə birləşdirərək kriptoqrafik mühafizə vasitəsilə formalaşdırılan və üzərində unikal identifikator (fiskal İD) qeyd edilən çek Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür.

Kriptoqrafiyanın tətbiqi: Kriptoqrafiya məlumatların çevrilməsinin müəyyən üsuludur. Kriptoqrafik alqoritmlərdən kassa əməliyyatlarının aparılması və məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi zamanı istifadə edilir. Qeyd olunan kriptoqrafik prosedurlar kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentikasiyasına nəzarət məqsədilə istifadə edilir.

Yeni çek formalarının tətbiqi: Yeni çek formalarının əsas üstünlüklərindən biri üzərində qeyd edilən QR kodudur (və unikal identifikator (fiskal İD)). Onun vasitəsilə müştərilər, yəni istehlakçılar həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilir.

Təhlil imkanları: Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq.

E-kassadan istifadə kimlər üçün mütləqdir?

Aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları müəyyən edilmiş meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulan e-kassa vasitəsilə həyata keçirilməlidir:

  • qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
  • kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
  • səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
  • qiymətli kağızların və lotereya biletlərinin satışı;
  • elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti.

E-kassanı necə əldə etmək olar?

Pul hesablaşmalarını e-kassa ilə həyata keçirməli olan vergi ödəyicisi qeydiyyatdan keçmiş e-kassa operatoruna müvafiq sənədlər təqdim etməklə müraciət etməlidir. Vergi ödəyicisinin sənədləri e-kassa operatoru tərəfindən yoxlanıldıqdan sonra tərəflər arasında müqavilə imzalanır və bu müqavilənin əsasında e-kassanın uçota alınması üçün e-kassa operatoru tərəfindən qanunvericilikdə müəyyən edilmiş prosedurlar həyata keçirilir.

Kimlər e-kassa operatoru ola bilər? Qanunvericilikdə nəzərdə tutulmuş bütün tələblərə cavab verən hüquqi şəxs e-kassa operatoru ola bilər. Bunun üçün o, qanunvericiliyə uyğun qaydada portal üzərindən ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək qeydiyyatdan keçməli və əldə etdiyi e-kassanın dövlət reyestrinə daxil olunmasını təmin etməlidir.

E-kassa operatorunun əsas vəzifələri

Azərbaycan Respublikası ərazisində e-kassa operatoru kimi qeydiyyata alınmış hüquqi şəxs aşağıdakı əsas funksiyaları yerinə yetirir:

  • e-kassanın uçota alınması;
  • e-kassanın quraşdırılması;
  • e-kassaya texniki dəstək göstərilməsi;
  • e-kassanın təmiri və əvvəlki e-kassanın yenidən istismara verildiyi ana qədər müvəqqəti e-kassanın
  • istifadə üçün təqdim olunması;
  • e-kassanın uçotdan çıxarılması.

İstifadəçilər üçün e-kassaya dair broşür və video-təlimatların saytda yerləşdirilməsi nəzərdə tutulub. E-kassaların tətbiqi ilə bağlı məlumat almaq istəyən şəxslər e-kassadan istifadə və digər məsələlərlə bağlı istənilən suala sayta daxil olmaqla cavab tapa bilərlər.

Mənbə: https://vergiler.az/news/taxes/2966.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.