e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin vergi öhdəliyi

2019-09-23 | Vergilər | 4397

Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmalıdır. Lakin Vergi Məcəlləsinin 156.1-1-ci maddəsi sərnişindaşıma fəliyyəti ilə məşğul olan şəxslərin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasında könüllü qaydada ərizə vermək hüququnun da olduğunu göstərir. Belə olan halda həmin şəxslər üçün bəzi tələblər yaranır ki, bunlar mütləq nəzərə alınmalıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Bu şəxslər həm göstərdikləri xidmətlərin dəyərini müştəridən nağdsız qaydada əldə etməli, həm də digər şəxslərdən aldıqları xidmətlərin dəyərini nağdsız qaydada onlara ödəməlidirlər. Habelə digər vergi ödəyicilərinə göstərdikləri xidmətləri elektron qaimə-faktura ilə təqdim etməli, gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini isə elektron qaimə-faktura ilə rəsmiləşdirməlidir. Həmçinin vergi ödəyicisi göstərdiyi xidmətlər üzrə əməliyyatlarının uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərindən aparmalıdır və vergi orqanına həmin sistemə məsafədən çıxış imkanı yaratmalıdır.

Yalnız bu halda həmin vergi ödəyicisi könüllü qaydada ƏDV ödəyicisi ola bilər. Belə olan təqdirdə vergi ödəyicisi vergi tutulan əməliyyatlarını ƏDV-yə cəlb edir, əldə edilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV məbləğlərini əvəzləşdirir. Əks təqdirdə sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmalıdır. Onu da qeyd etmək lazımdır ki, vergi ödəyicisinin yalnız mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməsi mütləq deyil. Onlar həm də daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirə bilərlər.

Yükdaşıma və sərnişindaşıma fəaliyyəti, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyekti mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələridir. Daşımaları həyata keçirən şəxslər mütləq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" əldə etməlidirlər. Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə taksi xidməti göstərilməsinə görə vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləği bir ədəd nəqliyyat vasitəsi üçün 9 manat, taksi istisna olmaqla sərnişin daşınmasına görə vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləği bir oturacaq yeri üçün 1,80 manat, yükdaşıma üçünsə vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləği yükgötürmə qabiliyyətinin hər tonuna görə 1 manatdır. Burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, oturacaqların sayı hansı sayda olduqda bu nəqliyyat vasitəsilə sərnişindaşıma taksi fəaliyyəti və ya taksi fəaliyyəti hesab edilməyən sərnişindaşıma fəaliyyəti hesab edilir.

Nəzərə almaq lazımdır ki, qeyd etdiyimiz sadələşdirilmiş vergi məbləğlərinə daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq əmsallar tətbiq edilir: fəaliyyət Bakı şəhərində, o cümlədən kənd və qəsəbələrində həyata keçirilirsə, qeyd edilən vergi məbləğlərinə 2.0 əmsalı, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində həyata keçirilirsə 1.5 əmsalı, digər şəhər və rayonlarda həyata keçirilirsə isə 1.0 əmsalı tətbiq edilir. Fəaliyyət Sumqayıt şəhəri ilə Bakı şəhəri arasında həyata keçirildikdə daha yuxarı əmsal, yəni 2.0 əmsalı tətbiq edilir.

Əgər vergi ödəyicisi həm daşıma fəaliyyəti ilə, həm də digər fəaliyyətlə məşğuldursa, o zaman həmin şəxslər gəlirlərinin və xərclərinin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparmalı və bir fəaliyyət növü üzrə mənfəəti və ya zərəri digər fəaliyyət növündən əldə edilmiş mənfəətə və ya zərərə aid etməməlidir.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/4353.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.