e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Atası Böyük Vətən Müharibəsində döyüşərək əlil olmuş oxucumuz aylıq gəlirindən hansı məbləğdə gəlir vergisinin tutulmalı olduğunu aydınlaşdırmağı xahiş edib. O həm də bilmək istəyir ki, mövcud qayda Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi qüvvəyə minən gündən, yoxsa arayış təqdim olunan gündən icra olunur? Suala Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilib.


Cavab

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Buna əsasən, müharibə iştirakçılarının övladları güzəşt hüququnu müəyyən edən sənədi iş yerinə təqdim edildiyi andan hesablanan əməkhaqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilən güzəşt tətbiq edilir.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Bu zaman Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı" əsas götürülür.

2020-01-23 | Vergilər | Baxılıb: 2238 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.