Sual Pandemiya dövründə Dövlətimiz büdcədən işçilərə əmək haqqı yardımı vermişdir. Dövlət yardımından gəlir vergisi, məcburi dövlət sosial sığorta haqları tutulurmu? |
|
Cavab Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.
Fərdi sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımlar isə gəlir vergisindən azaddır. Buna əsasən həmin məbləğlər gəlir vergisinin bəyannaməsinin müvafiq vergidən azadolma sətrində əks etdirilməklə bəyan edilir.
Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
Qeyd olunan maliyyə dəstəyindən işçilərə ödənilən əməkhaqqı ümumi qaydada gəlir vergisinə, sosial və işsizikdən sığorta haqqına cəlb olunur.
Məlumat üçün bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.
Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.
Bununla yanaşı, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.
Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci, 102-ci və 104-cü maddələri, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.
Mənbə: www.taxes.gov.az
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.