Sual aimi əsaslarla göstərilən xidmətlər üçün elektron qaimə-faktura (EQF) və ya elektron vergi hesab faktura (EVHF) həmin ay ərzində və ya ay sonu deyil, növbəti ayda təqdim edilir. Bu zaman vergitutma məqsədləri üçün xərcin aid olduğu dövr EQF (EVHF) təqdim edildiyi dövr (EQF-nın və ya EVHF-nın tarixi), yoxsa xidmətin göstərildiyi dövr olmalıdır? Bu halda vergi ödəyicisi vergitutma məqsədləri üçün xidməthaqqı xərcini dekabr 2019-cu ilə, yoxsa EQF-nin təqdim edildiyi yanvar 2020-ci ilə aid etməlidir? |
|
Cavab Vergilər Nazirliyinin açıqlamasına əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Müvafiq olaraq, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq xərcini müvafiq surətdə xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.
Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə xərcin çəkilməsi vaxtı xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt, vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.
Elektron qaimə-faktura malların (iş və ya xidmətlərin) təqdim edilməsindən sonra tərtib edildikdə elektron qaimə-fakturanın "Əlavə qeydlər" sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilməlidir.
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.