e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Təsisçi payının 50 faizini fiziki şəxsə əvəzsiz verirsə, bu halda həm müəssisə, həm fiziki şəxs üçün hansı vergi öhdəlikləri yaranacaq?


Cavab

Vergilər Nazirliyinin şərhinə əsasən, Vergi Məcəlləsinin 104.6-cı maddəsinə əsasən, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Qeyd olunanlara əsasən, iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq təsisçi hüquqi şəxsin vergi tutulan gəlirlərinə aid edilməklə vergiyə cəlb olunur.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinə əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi mənfəət vergisindən azaddır.

Əlavə olaraq bildiririk ki, mülki qanunvericiliyə uyğun olaraq ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.

Eyni zamanda, iştirak payları təqdim edilərkən cəmiyyətin xalis aktivlərinin dəyərinin müəyyənləşdirilməsi alğı-satqı müqaviləsinin bağlandığı tarixə qiymətləndirilməklə həyata keçirilir.

İştirak payını əvəzsiz əldə edən fiziki şəxsin vergi öhdəlikləri ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinin müddəalarına əsasən, təqvim ili ərzində alınan hədiyyə məbləği fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilərək həmin hədiyyənin dəyərinin 1.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Dəyəri 1.000 manatdan yuxarı hədiyyə əldə edən fiziki şəxslər vergi orqanında uçota alınaraq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.

2019-12-05 | Vergilər | Baxılıb: 1873 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.