e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Xərc normaları barədə məlumatlar vergi orqanlarına təqdim ediləcək

2021-12-28 | Vergilər | 1709

Məlum olduğu kimi, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib.

Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırılmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də xərc normaları barədə məlumatların verilməsi ilə bağlıdır. Belə ki, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və materialların sərfi normaları barədə məlumatların vergi orqanına təqdim edilməsi və müvafiq məlumatların vergi orqanlarına verilməməsinə görə məsuliyyət tədbirinin görülməsi nəzərdə tutulur.

Vergi orqanı tərəfindən istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və materialların sərfi normaları barədə məlumatların əldə edilməsində məqsəd vergi nəzarəti tədbirləri zamanı istehsal olunan məhsulların istehsal məsrəflərinin və kalkulyasiyasının düzgün müəyyən edilməsidir. Eyni zamanda, qeyd olunan dəyişiklik vergi nəzarəti zamanı daha çevik nəzarətin qurulmasına, analoji vergi ödəyicisi barədə məlumat ehtiyatına və mübahisəli halların aradan qaldırılmasına şərait yaradacaq.

Belə ki, istehsal fəaliyyəti üzrə aparılan səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisinin dövriyyə məlumatlarının, o cümlədən istehsal həcminin və istehsal məsrəflərinin müəyyən edilməsi üçün bir çox hallarda ekspert və mütəxəssislər cəlb edilir. Bu hal həm vergi orqanlarına münasibətdə əlavə inzibatçılıq yükü yaradır, həm də vergi ödəyicilərinə münasibətdə narazılıq hallarına səbəb ola bilir ki, bu da nəticədə vergi orqanı ilə vergi ödəyicisi arasında ekspert rəyinin əsaslı olub-olmaması ilə mübahisəli məqamlar yaradır.

Göründüyü kimi, bu məlumatların əldə edilməsi vergi orqanlarına vergi ödəyicisinin istehsal fəaliyyəti məsrəflərinin dairəsinin düzgün müəyyən etməsinə və mübahisəli məqamların yaranmaması üçün səyyar vergi yoxlamaları zamanı ekspert və mütəxəssis cəlb edilməsi hallarının azaldılmasına şərait yaradacaq.

Mənbə: https://www.taxes.gov.az/az/post/1740


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.